SON DƏQİQƏ! Revanşist ermənilər ayağa qalxır
    • 15-05-2023, 13:55
    • 198

SON DƏQİQƏ! Revanşist ermənilər ayağa qalxır

“Ermənistanın baş naziri Nikol Paşinyan ya Avropa Şurasının prezidenti Şarl Mişelin bəyanatını təkzib etməli, ya da istefaya hazır olmalı, bununla da öz qanunsuz əməllərinə görə məsuliyyəti Ermənistanın üzərindən götürməlidir”.

News24.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə mayın 15-də “Birlik” hərəkatının üzvü, müxalif ictimai-siyasi xadim Avetik Çələbyan öz feysbuk səhifəsində yazıb.

“Əgər Paşinyan bunu etməsə, o zaman Ermənistanın bütün dövlətyönlü qurumları birləşməli, onun istefasına nail olmalı və baş naziri məsuliyyətə cəlb etməlidir. Şəxsən mən bütün qanuni vasitələrlə Nikol Paşinyanın istefası üçün ardıcıl mübarizə aparacağam. Mən bütün tərəfdaşlarımızı bu adamın Ermənistana və Qarabağa vuracağı ziyanın qarşısını almaq üçün vahid mövqedən çıxış etməyə çağırıram”, - deyə Çələbyan bildirib.

Xatırladaq ki, Brüsseldə keçirilən üçtərəfli danışıqlardan sonra Avropa Şurasının prezidenti Şarl Mişel ölkələrin liderlərinin Almatı Bəyannaməsinə qeyd-şərtsiz sadiqliklərini ifadə etdiklərini söyləyib. Onun sözlərinə görə, Azərbaycan 86 min 600 kvadrat kilometrlik, Ermənistanın 29 min 800 kvadrat kilometrlik ərazisi hər iki tərəfdən qabul edilib. Sərhədin son delimitasiyası isə danışıqlar yolu ilə həyata keçiriləcək.

Mişel həmçinin “Azərbaycanı keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi ilə bağlı müsbət təkliflər təqdim etməyə” çağırıb.

“Bu o deməkdir ki, Nikol Paşinyan birmənalı olaraq Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb və bunun müqabilində Azərbaycan Qarabağla bağlı heç bir öhdəlik belə götürməyib”, - deyə erməni siyasətçi qeyd edib.