“Respublikanski”nin həyətindən avtomobil qaçırıldı – “Elə bildim, sahibi ölüb”
    • 18-05-2023, 17:17
    • 829

“Respublikanski”nin həyətindən avtomobil qaçırıldı – “Elə bildim, sahibi ölüb”

Mayın 8-də Yasamal rayon Məhkəməsində Cinayət Məcəlləsinin 177 və 185-ci (Oğurluq və talama məqsədi olmadan avtomobil qaçırma) maddələri ilə təqsirləndirilən Cəbrayıl rayon sakini, 1984-cü il təvəllüdlü Xəyyam Babayevə hökm oxunub.

News24.az-ın əldə etdiyi məlumata görə, hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən  məhkəmə prosesində təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib. 

Xəyyam Babayev bilirib ki, “Tofaş” markalı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olub və bu markalı avtomobillərə marağı olub. O, Yasamal rayonu ərazisində yerləşən və “Respublikanski” xəstəxana kimi tanınan Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına müştəri gətirərəkən həyətdəki “Tofaş Şahin” markalı avtomobil diqqəini çəkib. Növbəti gün həmin yerə qayıdan Xəyyam Babayev maşının hələ də orda olduğunu görüb. O, avtomobil sahibinin öldüyünü düşünərək “Tofaş”ı qaçırıb. Daha sonra avtomobili yaşadığı Binəqədi rayonu Gənclər Şəhərciyinə aparıb və bəzi hissələrini söküb. Bir müddət sonra isə həmin şəxs növbəti dəfə Yasamal parkının yanında parkinq edilmiş daha bir “Tofaş” markalı avtomobili qaçırıb. O, həmin maşında olan geyim əşyaları və digər ləvazimatları da oğurlayıb.

Avtomobil sahiblərinin polisə müraciətindən sonra 39 yaşlı Xəyyam Babayev Beyləqana gedərkən tutulub. O, oğurladığı avtomobilə digər oğurluq nəqliyyat vasitəsinin nömrəsini yapışdırıb. Saxlanılan zaman o, yol polislərinin əlindən çıxaraq qaçıb. Yol maşınlarının birinə minərək Bakıya qayıdıb. Daha sonra isə Yasamal Rayon Polis İdarəsinə gedərək təslim olub. O, həbs edilərək təcridxanaya göndərilib.

Yasamal rayon Məhkəməsində keçirilən prosesdə avtomobil sahibləri Xəyyamla barışdıqlarını və ondan şikayətçi olmadıqlarını bildiriblər.

Xəyyamın 7 aya yaxın həbsdə saxlanması və sair nəzərə alınaraq ona azadlığın məhdudlaşdırılması cəzası verilib və məhkəmə zalından azadlığa buraxılıb. Lakin Xəyyamın üzərinə elektron nəzarət cihazı yerləşdirilib. Onun gecə saatlarında yaşadığı yeri tərk etməməsi və digər tələblər üzərinə vəzifə kimi qoyulub.

Taleh BAĞIROV