Azərbaycanda 21 yaşlı qız sevgilisini bıçaqladı, sonra özündən getdi
    • 23-05-2023, 13:12
    • 877

Azərbaycanda 21 yaşlı qız sevgilisini bıçaqladı, sonra özündən getdi

Ötən ilin iyun ayında Sumqayıt şəhəri Yaşıl Dərə yaşayış massivində sevgilisini bıçaqlayan 21 yaşlı Səma Həsənova (soyadlar şərtidir) məhkəmə qarşısına çıxarılıb.

News24.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə gənc qız Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilib.

Araşdırmalar zamanı məlum olub ki, 21 yaşlı qız sevgilisi Gəray Qarayevi qsqanclıq zəminində bıçaqlayıb. Hadisədən sonra qorxu keçirən və ürəyi gedən qız daha sonra sevgilisini xəstəxanaya aparıb. O, ifadəsində törətdiyi əmələ görə peşman olduğunu deyib və hadisənin səbəblərini belə izah edib: “Gərayı 10 il olar ki, tanıyıram, lakin 5-6 ildir ki, aramızda yaxın münasibət yaranıb. Hadisədən əvvəl Gərayın dostu onu Qubaya dəvət etmişdi. O, rayona gedəcəyi halda xəbər edəcəyini və məni də özü ilə birgə aparacağını dedi. Amma sonra xəbər etmədən getdi və orda olanda zənglərə cavab vermədi. Təxminən iki gün orda qalıb geri qayıtdı. Qayıdan kimi də bizə gəldi. Həmin vaxt evdə heç kim yox idi. Ona zənglərimə niyə cavab vermədiyini soruşdumvə bunun üstündə mübahisə etməyə başladıq. Mənim əlimdə bıçaq var idi. Gəray divanda oturmuşdu. Həmin vaxt necə oldusa bıçaq Gəraya dəydi”.

Təqsirləndirilən şəxs bildirib ki, hadisə vaxtı əvvəlcə Gəray onu itələyib və bıçaqlanma da bu zaman olub: “Gəraya qəsdən xəsarət yetirmədim. Bıçaq onun üzərində qalmamışdı. Gərayın qanını görən kimi ürəyim getdi. Ayılanda anamın evdə olduğunu gördüm və onunla birlikdə taksi çağırıb Gərayı xəstəxanaya apardıq”.

Məhkəmədə ifadə verəən zərərçəkmiş şəxs Səmadan şikayətçi olmadığını deyib və onu sevdiyini, artıq nişanlandıqlarını söyləyib. 

Məhkəmə Səmanı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib və Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib.

Səmaya gecə evdən çıxması, ictimai tədbirlərə qatılması, yaşayış yerini xəbərdarlıq etmədən dəyişməsi qadağan edilib və üzərinə elektron nəzarət cihazı yerləşdirilib.

Taleh BAĞIROV