Xırdalanda 23 yaşlı oğlan anasının sevgilisini bıçaqladı – BU SƏBƏBDƏN
    • 25-04-2022, 13:15
    • 664

Xırdalanda 23 yaşlı oğlan anasının sevgilisini bıçaqladı – BU SƏBƏBDƏN

Ötən il sentyabrın 16-na keçən gecə Xırdalan şəhəri Qalubiyyə küçəsində Babək Məhərrəmovu bıçaqlayan 1998-ci il təvəllüdlü Elvin Qədirov məhkəmə qarşısına çıxarılıb.

News24.az-ın məlumatına görə, anasının sevgilisi olan şəxsi bıçaqlayan Elvin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə açılmış işə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə hadisənin təfərrüatları məlum olub.

İfadələrdən məlum olub ki, bıçaqlanan Babək adlı şəxs hadisəni törədən Elvinin anası ilə 2018-ci ildən qeyri-rəsmi ər-arvad kimi yaşayıb və Elvinlə bacısının da bundan xəbəri olub. Lakin onların münasibəti bir müddət əvvəl pozulub. Elvinin anasının Babəkdən uzaqlaşmaq istəməsinə isə qarşı tərəf etiraz edib və qısqanclıq zəminində münaqişələr baş verib. Hadisə baş verən gün isə gecə saat 00 radələrində Elvinin anası evə gələndə oğluna zəng edərək onu qarşılamasını bildirib. Elvin yola çıxaraq anasını qarşılayıb və evə gətirib. Bu zaman Babək sərxoş halda onların evinə gələrək Elvinin anasına niyə evə gec gəldiyini, daha əvvəl də bir qadınla taksidən düşdüyünü və sair deyərək sevgilisi ilə dalaşıb və onları söyüb. Bu zaman Elvin Babəki evdən uzaqlaşdırmağa çalışıb. Lakin Babək getməyib və Elvinə, onun anasına və bacısına zərbələr endirərək onları döyməyə başlayıb. Babəkin getmədiyin, onun anası ilə bacısını da döydüyünü görən gənc oğlan evə qalxaraq bıçaq götürüb və geri qayıdaraq həmin şəxsə kürək nahiyəsindən vurub. Ağır xəsarət alan Babək xəstəxanaya aparılıb.

Məhkəmədə çıxış edən Elvin Qəirov Babəki anası ilə bacısını müdafiə etmək üçün bıçaqladığını deyib və özünü təqsirli bilməyib.
Babək isə Elvini bağışladığını, ondna şikayətçi olmadığını deyib.
Məhkəmə Elvin Qədirovu  Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilərək 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.