Dövlət Gömrük Komitəsi ilə Daxili İşlər Departamentinin Dövlət Katibliyi birgə bəyanat imzalayıb
    • 19-02-2019, 16:36
    • 752

Dövlət Gömrük Komitəsi ilə Daxili İşlər Departamentinin Dövlət Katibliyi birgə bəyanat imzalayıb

Fevralın 19-da Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Böyük Britaniyanın Sərhəd Qüvvələri adından çıxış edən Daxili İşlər Departamentinin Dövlət Katibliyi birgə bəyanat imzalayıb.

Komitədən News24.az-a verilən məlumata görə, Dövlət Gömrük Komitəsində keçirilən mərasimdə Komitə sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Komitə sədrinin müavinləri, Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Emma Nikolson, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Karol Krofts və bu ölkənin sərhəd xidmətinin əməkdaşları iştirak edib. Qonaqları səmimi salamlayan Səfər Mehdiyev iki ölkə arasındakı dostluq və əməkdaşlıq əlaqələrindən bəhs edib və "Hunter" layihəsi çərçivəsində keçirilən görüşün iki ölkənin gömrük orqanları arasındakı əməkdaşlığı daha da gücləndirəcəyini diqqətə çatdırıb. Azərbaycan Prezidenti İlham Əliyevin gömrük orqanları qarşısında gömrük sahəsindəki müasir beynəlxalq norma və standartların ölkəmizdə tətbiq edilməsi və Azərbaycan gömrüyünün dünyanın qabaqcıl gömrük orqanlarının səviyyəsinə çatdırılmasına dair tapşırıqlar müəyyənləşdirdiyini bildirən Komitə sədri "Hunter" layihəsinin də bu sahəyə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. Səfər Mehdiyev layihənin ikitərəfli əmkdaşlığın daha yüksək səviyyəyə çatdırılması, Avropa təcrübəsinin öyrənilməsi baxımından çox önəm daşıdığını və xüsusən risklərin idarə edilməsilə bağlı Azərbaycan gömrüyünə fayda gətirəcəyini bildirib. Komitə sədri ilin sonunadək layihənin reallaşdırılması, xüsusi proqramın seçilərək əməkdaşların potensialının gücləndirilməsi istiqamətində bütün imkanların səfərbər olunacağını vurğulayıb. Görüşdən böyük məmnunluq duyduğunu ifadə edən xanım Baronessa Emma Nikolson layihənin ərsəyə gəlməsində göstərilən dəstəyə görə Azərbaycan Gömrük Xidmətinə və Böyük Britaniyanın sərhəd xidmətinə təşəkkürünü bildirib, layihənin gələcək əməkdaşlıq üçün münbit şərait yaratdığını vurğulayıb. Baronessa Emma Nikolson iki ölkənin bir çox sahələrdə uğurlu əməkdaşlıq etdiyini, gömrük sahəsində də belə əməkdaşlığın qurulmasının sevindirici hal olduğunu diqqətə çatdırıb. Azərbaycanda gömrük sahəsində aparılan islahatlardan, qabaqcıl və müasir təcrübələrin ölkəyə gətirilməsindən, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlardan məmnunluqla bəhs edən Böyük Britaniya hökumətinin nümayəndəsi tətbiq edilən müasir innovativ yeniliklər hesabına Azərbaycan gömrüyünün artıq Avropanın bir sıra gömrük xidmətlərindən irəlidə olduğunu bildirib. Müasir standartlara uyğun şəkildə qurulan gömrük xidmətinin ölkələrin iqtisadi artımına, beynəlxalq ticarətin inkişafına münbit şərait yaratdığını diqqətə çatdıran Baronessa Emma Nikolson bu mənada Azərbaycanın gömrük sahəsində reallaşdırdığı islahatların ölkənin gələcək inkişafında mühüm rol oynayacağını vurğulayıb. Britaniya hökumətinin nümayəndəsi Azərbaycanda keçirdiyi rəsmi görüşlərdə ölkənin gələcək inkişaf perspektivlərilə bağlı nikbin rəylərin səsləndirildiyini və bu fikri paylaşdığını da diqqətə çatdırıb. Britaniya rəsmisi "Hunter" layihəsinin qarşılıqlı məlumat mübadiləsinin gücləndirilməsinə, sərhədlərin effektiv idarə edilməsinə və səmərəli gömrük nəzarətinin təşkilinə şərait yaradacağını bildirib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Böyük Britaniyanın Sərhəd Qüvvələri adından çıxış edən Daxili İşlər Departamentinin Dövlət Katibliyi birgə bəyanat imzalayıb. Bəyanatı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev və Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Emma Nikolson imzalayıblar. Sənədə əsasən, gömrük əmkdaşlarının potensialının gücləndirilməsi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, risklərin idarə olunması sahəsində qabaqcıl təcrübənin bölüşdürülməsi, dövlət sərhədindən keçirilən mallar, səyahətçilər və nəqliyyat vasitələri üzrə sərhəd təhlükəsizliyinin təmin olunmasına dair fikir mübadiləsi aparılması istiqamətində əməkdaşlıq barədə razılıq əldə olunub. Xatırladaq ki, birgə bəyanat Böyük Britaniyanın sərhəd xidməti tərəfindən maliyyələşdirilən "Hunter" layihəsi çərçivəsində imzalanıb. Layihə beynəlxalq daşımalar zamanı gömrük-sərhəd keçmə prosedurlarının sadələşdirilməsi vasitəsilə həm mallar, həm də şəxslər üzrə məlumat analizi və hədəflərə dair beynəlxalq imkanların yaradılmasını nəzərdə tutur. Eyni zamanda, layihənin məqsədləri sırasına effektiv gömrük nəzarətinin genişləndirilməsilə ölkələrin milli maraqlarına zərər verə biləcək şəxslərin və malların qarşısının alınması, həmçinin məlumat analizi bazasının və hədəflənmə imkanlarının inkişaf etdirilməsilə aviadaşıyıcılar və oxşar məlumat toplama sistemləri (dəniz, poçt/sürətli bağlamalar və konteynerlər) tərəfindən təmin olunan Sərnişinlərə dair İlkin Məlumat (API) və Sərnişin Adlarının Qeydiyyatı (PNR) məlumatlarının toplanması daxildir.

News24.Az