Lirə nə vaxta qədər ucuzlaşacaq? - İqtisadçı AÇIQLADI
    • 30-05-2023, 14:03
    • 484

Lirə nə vaxta qədər ucuzlaşacaq? - İqtisadçı AÇIQLADI

Nə qədər ki, Türkiyənin iqtisadi siyasətində heterodoks (qeyri-ortodoks) siyasət yürütməsi davam edəcək, o müddət ərzində ölkədə iqtisadi təlatümlər müşahidə ediləcək. Dünyada belə təcrübələr var ki, hiperinflyasiya dövrlərində heterodoks iqtisadi siyasət aparılır. Amma indiyə qədər ortodoks yanaşmadan tam ayrılaraq tətbiq edilən heterodoks siyasətin davamlı uğur qazanması mumkun olmayıb. 

News24.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Eldəniz Əmirov deyib.



Ekspert qeyd edib ki, Türkiyə hökümətinin iqtisadi siyasətlərində “U” dönüşu olmadığı müddətcə ölkədə kəskin valyuta böhranı riski artacaq: 

“Hazırda bu vəziyyət lirəyə satış böhranı yaşadır. Bu böhranda isə Türkiyəni tərk etməyə çalışan kapitalın rolu getdikcə böyüyəcək. Eyni zamanda böyük xarici öhdəlikləri olan türk şirkətləri artan dövriyyə riski ilə üzləşəcəklər. Ona görə də iqtisadi siyasət istiqamətində dəyişiklik edilmədən Türkiyə daha sərt kapital nəzarəti ehtimalının artması ilə daha ekstremal tədiyyə balansı böhranına doğru gedir. Türkiyənin tədiyyə balansı və xarici buferlər üzərində kəskin təzyiqləri qismən azaltmaq üçün birbaşa kreditləşdirmə, valyuta mübadiləsi və enerji ticarəti sazişləri şəklində daha çox ikitərəfli və əsasən qeyd-şərtsiz xarici dəstəyə ehtiyacı var. Sözsüz ki, bu məsələdə Azərbaycan ən yaxşı tərəfdaşlardan biridir. 

Türkiyə iqtisadiyyatının bu təlatümlü vəziyyətdən çıxması və genişləndirilməsi üçün həm də bir sıra geniş imkanları vardı. Hazırda ilk olaraq Nazirlər Kabinetinin tərkibinin müəyyənləşdirilməsinə, iqtisadi idarəçiliyə gətiriləcək insanların elan edilməsinə və iqtisadi perspektivlə bağlı yeni yol xəritəsinin təqdim edilməsinə ehtiyac var”.