-
- 30-11-2019, 19:37
- 994
İlham Əliyev: "Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı gündən-günə möhkəmlənir"
"Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı gündən-günə möhkəmlənir. Mən bu gün dünya miqyasında ikinci belə ölkələr tanımıram ki, Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olsun".
News24.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində deyib.
Dövlət başçısı bildirib: "Bizim aramızdakı ticarət dövriyyəsi artır. Bu ilin 9 ayında ticarət dövriyyəmiz 40 faizdən çox artıb və 3,4 milyard dollara çatıbdır. Qarşılıqlı yatırımlar bizim qardaşlığımızı göstərir və eyni zamanda, onu göstərir ki, biz bir-birimizə güvənirik. Bir-birimizin iqtisadiyyatına dəstək veririk. Türkiyə bu günə qədər Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan çox vəsait yatırıb. Azərbaycan isə Türkiyəyə 17,5 milyard dollar sərmayə qoyub və bu yatırımlar bizim xalqlarımızın rifah halını yaxşılaşdırır.
Eyni zamanda, Türkiyə bu gün xarici sərmayələr üçün açıq ölkədir və çox məqbul yerdir. Əziz qardaşım, Prezident Ərdoğanın liderliyi sayəsində Türkiyə həm iqtisadi, həm də siyasi sahədə böyük uğurlara imza atıb. Biz əvvəlki dövrü yaxşı xatırlayırıq. O vaxt Türkiyə Beynəlxalq Valyuta Fondunun və başqa maliyyə qurumlarının borcundan yaxa qurtara bilmirdi, asılı vəziyyətdə idi. İqtisadi asılılıq istər-istəməz siyasi asılılığa gətirib çıxara bilər. Məhz Prezident Ərdoğan tərəfindən aparılan düşünülmüş iqtisadi siyasət nəticəsində Türkiyə bu asılılıqdan yaxasını qurtara bildi və bu gün çox güclü iqtisadiyyat kimi dünya miqyasında öz sözünü deyir. Bu gün Türkiyə dünya miqyasında güc mərkəzidir. Nəinki yerləşdiyi bölgədə, dünyada Türkiyənin sözünün çəkisi artır, imkanı genişlənir və hər kəs bilməlidir, heç kim unutmamalıdır ki, bu qardaş ölkə buna görə kimə borcludur.
Tarixdə liderlərin rolu haqqında kifayət qədər kitablar yazılıb, elmi əsərlər yaradılıb və müxtəlif fərziyyələr, fikirlər var. Onların hər biri qəbuldur. Ancaq tarix göstərir ki, liderin rolu bir çox hallarda həlledici olur, bu, danılmazdır. Bu gün möhkəm Türkiyə və onun lideri inkişafı, sabitliyi təcəssüm etdirir və gələcəyə nikbinliklə baxmaq üçün imkan yaradır. Biz buna sevinirik. Çünki Türkiyənin gücü bizim gücümüzdür, Türkiyənin uğuru bizim uğurumuzdur və biz birlikdə bundan sonra da iki qardaş ölkə kimi çiyin-çiyinə irəliyə gedəcəyik. Bizim qarşımızda bütün üfüqlər açıqdır. Həyata keçirdiyimiz bu nəhəng layihələr bizim gücümüzü göstərir və bizim gücümüzü artırır. İqtisadi güc nəticədə siyasi gücə çevrilir".