Paşinyan “Qarabağ Azərbaycandır!” dedi, alqışlayırıq - Stano
    • 30-05-2023, 16:54
    • 316

Paşinyan “Qarabağ Azərbaycandır!” dedi, alqışlayırıq - Stano

Avropa İttifaqı Ermənistanın baş naziri Nikol Paşinyanın mayın 22-də Azərbaycanla münasibətlərlə bağlı cəsarətli bəyanatını alqışlayır. 

News24.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarının sözçüsü Piter Stano deyib.

Stanonun sözlərinə görə, son bir ayda İrəvanla Bakı arasında danışıqlar prosesi intensivləşib və Brüssel bu tendensiyanı dəstəkləyir. Aİ tarixi sürəti qoruyub saxlamağı və sülh prosesinə xələl gətirə biləcək addımlardan, o cümlədən düşmənçilik ritorikasından qaçmağı vacib hesab edir.

O vurğulayıb ki, mayın 14-də Brüsseldə Ermənistan və Azərbaycan liderlərinin, eləcə də Avropa İttifaqı Şurasının rəhbərinin iştirakı ilə keçirilən danışıqlarda tərəflər bir neçə əsas mövzunu, o cümlədən sərhəd məsələləri, kommunikasiyalar, humanitar məsələlər, eləcə də keçmiş DQMV ərazisində yaşayan ermənilərin hüquq və təhlükəsizliyi müzakirə ediblər.

“O vaxtdan bəri liderlər 1991-ci il Alma-Ata Bəyannaməsinə və Ermənistanın (29 800 kv. km.) və Azərbaycanın (86 600 kv. km.) müvafiq ərazi bütövlüyünə qeyd-şərtsiz sadiq olduqlarını açıq şəkildə təsdiqləyiblər. Biz Ermənistanın cəsarətli bəyanatını alqışlayırıq. Biz Azərbaycan Prezidenti İlham Əliyevin mayın 25-də verdiyi bəyanatı da alqışlayırıq. Və bu həssas məsələlər üzərində iş davam edərkən, hərtərəfli normallaşma ilə bağlı bütün məsələlərdə həllə nail olmaq üçün inam yaratmaq, vicdanla hərəkət etmək və təşəbbüskar olmaq üçün addımlar atmaq vacibdir”, - Stano bildirib.

Brüssel əmindir ki, mürəkkəb münaqişə tarixinə baxmayaraq, bütün məsələlər müstəsna olaraq sülh yolu ilə, dialoq yolu ilə həll edilməlidir

Qeyd edək ki, N.Paşinyan son bir ayda bir neçə dəfə “Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa hazırdır” bəyanatı ilə bu və digər şəkildə “Qarabağ Azərbaycandır!” deyib. Paşinyan mayın 22-də keçirdiyi mətbuat konfransında, xüsusən Azərbaycanın ərazisinin 86,6 min kvadratmetr olduğunu bildirib. O, bura Qarabağın, eyni zamanda anklavların da daxil olduğunu bəyan edib.

Akqabay