Ötən il 57 valideyn öz övladının ölümünə səbəb olub
    • 1-06-2023, 12:43
    • 233

Ötən il 57 valideyn öz övladının ölümünə səbəb olub

"Baş Dövlət Yol Polisi İdarəsi olaraq qarşımıza qoyulan tək bir tələb var: yollarda qəza olmasın, xəsarət alan, dünyasını dəyişən olmasın. Təəssüf ki, yol nəqliyyat hadisələrində azyaşlı uşaqlar dünyasını dəyişir. Ötən il 57 valideyn öz övladının ölümünə səbəb olub. Valideyn qəza törədib və bunun qurbanı olun övladı olub".

News24.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev  “Uşaqlar, hüquqlar, qəzalar və çıxış yolları” adlı işgüzar konfransda çıxışı zamanı deyib. 

O qeyd edib ki, təkcə yol polisinin fəaliyyəti ilə bu rəqəmlərdə azalma müşahidə edə bilmərik:

"Biz cəmiyyət, media olaraq birgə iş aparmalıyıq.  İki həftə öncə ana diqqəti telefona qarışdığı üçün qəza törətdi və yanında olan azyaşlı övladı dünyasını dəyişdi. Təəssüf ki, telefondan istifadə qəzalara səbəb olur. Bəzən yorğun halda sükan arxasına əyləşərək qəza törədirlər. Bunun qarşısını almalıyıq, daha çox maarifləndirmə işlərinə ehtiyac var. Bu işdə media nümayəndələri bizə dəstək olsunlar, yol nəqliyyat hadisələrimin sayında azalma olsun".

R.Tağıyev qeyd edib ki, ilkin olaraq hər bir uşağa yol hərəkəti qaydaları öz valideyni tərəfindən öyrədilməlidir:

"Bu il DYP tərəfindən metodiki vəsaitlər beş dəfə məktəb və bağçalara göndərilib. Hesab edirik ki, yol hərəkəti qaydalarını mətn formasında oxumaq çətindir. Biz istəyirik ki, uşaqlar yol hərəkəti qaydalarını əylənərək öyrənsinlər. Bunun üçün boyama kitabları çap edirik və məktəblərə göndəririk. DYP olaraq bizim üzərimizdə böyük məsuliyyət var. Biz çox çalışmalıyıq ki, yollarda qəzalar olmasın. Bizim maarifləndirmə və təbliğat işində cəmiyyətin və media subyektlərinin dəstəyinə ehtiyacımız var".

Qeyd edək ki, konfrans Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, “Liatris Holding”,  Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi , Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi və AVTO FM Radiosunun birgə dəstəyi və təşkilatçılığı ilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı keçirilir.

Akqabay