Daxili İşlər Nazirliyinin nümayəndə heyəti Türkiyəyə səfər edib
    • 20-02-2019, 18:19
    • 1 067

Daxili İşlər Nazirliyinin nümayəndə heyəti Türkiyəyə səfər edib

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun başçılıq etdiyi nümayəndə heyəti Budapeşt Prosesinin 6-cı Nazirlər Konfransında iştirak etmək üçün fevralın 19-da Türkiyə Respublikasına rəsmi səfərə gedib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, həmin gün  Azərbaycan və Türkiyə daxili işlər nazirlərinin  görüşü olub.

Budapeşt Prosesinin 6-cı Nazirlər Konfransında iştirak etmək barədə dəvətini qəbul etdiyinə görə Ramil Usubova minnətdarlığını bildirən və ötən ilin sonlarında ölkəmizə ilk rəsmi səfərini xatırladan Süleyman Soylu dost və qardaş ölkələrimizin qlobal təhdidlərə, o cümlədən mütəşəkkil cinayətkarlığın bütün təzahürlərinə, xüsusən terrorizmə qarşı hər zaman vahid mövqedən çıxış etdiyini vurğulayıb. 

O, regionda fəaliyyət göstərən terror təşkilatlarının ilk hədəfinin Türkiyə olduğunu deyərək  Azərbaycanın belə qruplaşmalara qarşı sərt və qətiyyətli mövqeyindən, atdığı konkret addımlardan məmnunluğunu ifadə edib, əməkdaşlığın dərinləşdirilməsi, aidiyyəti dövlət qurumları arasında təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi istiqamətində birgə səylərin bundan sonra da davam etdiriləcəyini bildirib.

Mötəbər beynəlxalq konfransa dəvət etdiyinə, göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən nazir R.Usubov ikitərəfli münasibətlərin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini, bu işə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın əsl qardaşlıq və dostluq əlaqələrinin böyük töhfə verdiyini məmnunluqla qeyd edib.

Əməkdaşlığın geniş potensiala malik olduğunu, kadr hazırlığı və hərbi sahədə bir sıra sənədlərin imzalandığını, ikitərəfli formatda çoxsaylı görüşlərin keçirildiyini razılıqla diqqətə çatdıran nazir Ramil Usubov transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə iki ölkənin hüquq mühafizə orqanları arasında məlumat və təcrübə mübadiləsinin daha da gücləndirilməsinin zəruriliyini vurğulayıb. 

Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub. 
   
Fevralın 20-də İstanbul şəhərində Budapeşt Prosesinin 6-cı Nazirlər Konfransı öz işinə başlayıb.

Əvvəlcə Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antoni Quterreşin tədbir iştirakçılarına videomüraciəti səsləndirilib. Sonra Budapeşt Prosesinin sədri - Türkiyə Respublikasının daxili işlər naziri Süleyman Soylu, Prosesin həmsədri - Macarıstanın xarici işlər naziri Peter Siyarton, miqrasiya, daxili işlər və vətəndaşlıq məsələləri üzrə Avropa komissarı Dimitris Avramopolous, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin baş direktoru Maykl Şpindeleqqer və digər rəsmi şəxslər çıxış ediblər.

Tədbirdə Azərbaycan Respublikasının daxili işlər naziri Ramil Usubov çıxış edərək qanunsuz miqrasiyanın kriminogen duruma mənfi təsiri, bu sahədə ölkəmizdə həyata keçirilən mühüm tədbirlər, habelə dünyada, xüsusən Yaxın Şərqdə miqrasiya böhranını doğuran səbəblər haqqında danışıb, onların aradan qaldırılması yolları  barədə təkliflər səsləndirib.
Konfransın sonunda “Miqrasiya üzrə İpək Yolu Təırəfdaşlığına dair İstanbul Öhdəlikləri” və “ Fəaliyyətə dair çağırış – beşillik plan” adlı sənədlər qəbul edilib.