-
- 15-06-2023, 17:59
- 492
Hansı ölkədə məzuniyyət neçə gündür - Maraqlı araşdırma
Dünyanın bütün ölkələrində vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq işçilər məzuniyyət hüququndan istifadə edirlər. Məzuniyyət hüququ ölkələrə görə fərqlənə bilər. Hər bir ölkənin özünəməxsus qanunları var, bu səbəbdən məzuniyyət haqqında qaydalar və prosedurlar dəyişir.
News24.az xəbər verir ki, Modern.az müxəlif ölkələrdə məzuniyyət müddətinin nə qədər olduğunu araşdırıb.
İran - 53 gün
Bu ölkədə işçilərin cümə günləri də daxil olmaqla 1 ay ödənişli məzuniyyət hüququ var. Dövlət səviyyəsində isə 27 qeyri-iş günü müəyyən edilib. İran vətəndaşları 53 günlə dünyada ən çox məzuniyyətə çıxan işçilər hesab edilir.
Rusiya - 38-dən 56 günə qədər
Rusiyada ödənişli məzuniyyət 28 gündür. Rəsmi olaraq, 14 qeyri-iş günü var. Lakin şimal və uzaq şərq bölgələrində işləyənlər üçün 5 gündən 24 günə qədər əlavə ödənişli məzuniyyət nəzərdə tutulub.
Lüksemburq - 37 gün
Özəl sahədə çalışanlar 26 gün, dövlət sektorunda işləyənlər isə ildə 32 gün ödənişli məzuniyyət hüququna malikdirlər. Bundan əlavə, yaşı 55-dən yuxarı olan işçilərin illik ödənişli məzuniyyəti 36 gün təşkil edir. Ölkədə 11 gün rəsmi tətil müəyyən edilib. Bunlardan başqa, birinci dərəcəli şəxsin nikahına və ölümünə görə 3 gün (dövlət qulluqçuları üçün 6), doğum üçün isə 10 gün icazə verilir.
Finlandiya - 36 gün
25 gün ödənişli məzuniyyət hüququ olan Finlandiya vətəndaşları ildə əlavə 11 gün rəsmi tətilə çıxırlar.
Yunanıstan - 32 gün
İllik 20 gün məzuniyyət götürə bilən yunanlar 12 gün də rəsmi tətilə çıxırlar.
Almaniya - 30 gün
Alman işçilərə 20 gün ödənişli məzuniyyət verirlər. Ölkədə, həmçinin 10 gün rəsmi tətil müddəti təsdiqlənib.
Böyük Britaniya - 28 gün
Böyük Britaniyada 8 günlük bayram günləri ilə yanaşı, işçilərin ən azı 20 günlük ödənişli məzuniyyət hüququ var, lakin bu, şirkət və qurumdan asılı olaraq dəyişir.
Misir - 28 gün
Bu ölkədə 15 gün ödənişli məzuniyyət və 13 gün dövlət bayramı var.
Hindistan - 27 gün
Hindistanda məzuniyyətlər vilayətlərə və sektorlara görə dəyişir. Məsələn, dövlət dəmir yolu işçilərinə məzuniyyət verilmir. Ancaq ümumi qəbul edilən qanunlara görə, 12 gün ödənişli məzuniyyət, 15 gün rəsmi bayram var.
Türkiyə - 26,5 gün
1 ildən 5 ilədək işləyənlərə 14 gün, 6 ildən 15 ilədək işləyənlərə 20 gün, 15 ildən çox işləyənlərə 26 gün məzuniyyət verilir. Dövlət isə rəsmi olaraq 14,5 gün tətil elan edir.
Yaponiya - 26 gün
10 günlük ödənişli məzuniyyət hüququ olan yaponlar üçün il ərzində dövlət tətillərinin nisbəti kifayət qədər yüksəkdir. 16 gün dövlət tətili var.
Qətər - 25 gün
İşçilərə 15 gün ödənişli məzuniyyət verilir. 10 gün isə dövlət səviyyəsində bayram günləri hesab olunur.
İsrail - 21 gün
Həftədə 5 gün işləyənlər il ərzində 12 gün, həftədə 6 gün işləyənlər isə 14 gün məzuniyyətə çıxırlar. Dövlət isə 9 gün rəsmi tətil elan edir.
Filippin - 17 gün
Filippində bütün işçilərin 5 günlük ödənişli məzuniyyət hüququ, 12 milli bayram günü var.
Kanada - 16 gün
Əyalətlərə görə dəyişsə də, Kanadada işçilər 10 günlük ödənişli məzuniyyət hüququna malikdirlər. 6 il stajı olan işçilər 20 günlük məzuniyyətə çıxa bilərlər. Dövlətin rəsmi olaraq elan etdiyi 6 qeyri-iş günü var.
Çin - 15 gün
1 ildən 10 ilədək işləyənlərə ildə 5 gün, 10 ildən 20 ilədək işləyənlərə 10 gün, 20 il və daha çox işləyənlərə isə 15 gün ödənişli məzuniyyət verilir. İl ərzində 11 gün dövlət səviyyəsində bayram kimi qeyd olunur.
Meksika - 13 gün
Bu ölkədə işçilər 6 günlük ödənişli məzuniyyətə çıxa bilir. Ölkənin 7 rəsmi bayram günü var.
Amerika Birləşmiş Ştatları
ABŞ-da ödənişli məzuniyyətlə bağlı qanun yoxdur, işçilərin ödənişli məzuniyyəti tamamilə işlədikləri təşkilatdan asılıdır. Bəziləri məzuniyyət verməsə də, 77%-i işçilərinə 1 il xidmət etdikdən sonra 10 gün məzuniyyət verir. Ölkədə milli bayramlar rəsmi qeyd olunmur.
Qeyd edək ki, Azərbaycan Əmək Məcəlləsinin 113-cü maddəsinə əsasən işçilərə 21 təqvim günündən az olmayaraq illik ödənişli məzuniyyət verilir.