Ərdoğan Zəngəzur dəhlizinə görə İranı “vurdu” - Tehrandan REAKSİYA
    • 19-06-2023, 13:00
    • 1 109

Ərdoğan Zəngəzur dəhlizinə görə İranı “vurdu” - Tehrandan REAKSİYA

“İran Azərbaycanla Naxçıvan arasında birbaşa nəqliyyat əlaqəsinin yaradılmasının əleyhinə deyil”.

News24.az xəbər verir ki, bu sözləri İranın dini lideri Əli Xameneinin sözçüsü Seyid Həsən Amuli Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın “Zəngəzur dəhlizi layihəsinin reallaşmaması Ermənistanla deyil, İranla bağlıdır” sözlərinə reaksiyasında deyib.

“Türkiyə bundan narahat olmamalıdır. İranın Ermənistan ərazisindən keçməklə Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsi yaratmaqla bağlı heç bir problemi yoxdur. Təxminən 20 ilə yaxındır ki, İran Azərbaycana öz ərazisindən Naxçıvanla əlaqə üçün istifadə etmək imkanı verib. Müharibə və işğal illərində Biləsuvar və Culfa üzərindən Azərbaycanla Naxçıvan arasında daşımaları həyata keçirib. İndi də bu yol Azərbaycan avtomobilləri üçün açıqdır. Əgər Ermənistan öz ərazisi ilə Naxçıvanla nəqliyyat əlaqəsi yaratmağa imkan verməsə, biz İran ərazisindən Azərbaycanı Naxçıvanla birləşdirən daha yaxşı yol çəkməyə hazırıq. Azərbaycan, Naxçıvan və Türkiyəni İran torpaqları birləşdirməlidir. Hər iki marşrutla Türkiyə öz mallarını Orta Asiyaya rahatlıqla daşıya bilər”, - Ayətullah Amuli bildirib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirmişdi ki, Zəngəzur dəhlizi layihəsinin reallaşmaması Ermənistanla deyil, İranla bağlıdır. Onun sözlərinə görə, İranın mövqeyi həm Türkiyəni, həm də Azərbaycanı narahat edir.

Akqabay