Sabiq dövlət müşavirinin torpağını görün, kim zəbt etdi...
    • 22-06-2023, 14:09
    • 209

Sabiq dövlət müşavirinin torpağını görün, kim zəbt etdi...

Rizvan Vahabov adlı şəxsin zəbt etdiyi torpağımı mənə mərhum Prezident Heydər Əliyevin göstərişi ilə ayırmışdılar. Həmin torpağı şəhid övladı olan nəvələrimə qoyub getmək istəyirəm bu dünyadan.

News24.az xəbər verir ki, bu sözləri sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Prezident İlham Əliyevə məktubunda yazıb.

Qabil Hüseynli şəhid pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin qayınatasıdır.

O bildirir ki, nəvələri ilə Badamdardakı torpağına getsə də, darvazadan içəri keçə bilmir:

“Rizvan Vahabov ora bir ailə yerləşdirib, gözətçilik edirlər. Məni də sənəd-sübutlu torpağıma buraxmırlar. Əllərində də bir saxta, kötüyü olmayan sərəncam var. Hansının ki, qanunsuz olması ilk baxışdan görünür. Mən Rizvan Vahabovu tanıyıram, onunla əlaqə saxlayıb bu qanunsuzluqdan əl çəkməsini istəmişəm. Rizvan Vahabov puluna-varına arxalanıb mənə qarşı qanunsuzluğu davam etdirir. Onun Badamdarda ondan çox belə torpağı var. Mənim 6 sot torpağımı da illərdir ki, zəbt edib”.

Qabil Hüseynli “Yeni Müsavat”a deyib ki, R.Vahabov vaxtilə Dövlət Yanacaq Komitəsinin sədri, Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin rəisi, YAP-ın Səbail rayon təşkilatının idarə heyətinin üzvü olub:

“İndi vəzifədə deyil, amma əlaqələri var. Ona görə də mən torpağımı ondan ala bilmirəm. Əlacım dövlət başçısına müraciət etməkdir. Prezident İlham Əliyevdən xahiş edirəm ki, mərhum Heydər Əliyevin mənə verdiyi torpağın mənə qaytarılmasına kömək etsin”.

Qabil Hüseynli torpaq sahəsinin ona ayrılmasının tarixçəsini belə nəql edib:

“Dövlət müşaviri postunu tutduğum dövrdə ev növbəsinə dayanmışdım. Belə qayda vardı ki, ev növbəsindən imtina edənlərə əvəzində torpaq sahəsi verirdilər ki, ev tiksin. Nizami Süleymanov dedi ki, ev növbəsindən imtina edənlərə torpaq sahəsi verirlər. Mən, Bəxtiyar Vahabzadə, akademik Nizami Süleymanov mərhum Heydər Əliyevə müraciət etdik ki, bizə də torpaq sahəsi ayrılsın. Göstəriş verildi, üçümüzə də Badamdarda torpaq sahələri ayrıldı. Hərəmizə 6 sot torpaq verildi. 627 saylı, 1 mart 1994-cü il tarixli sərəncamı Səbayel Rayon İcra Hakimiyyətinin başçısı imzalayıb. Sərəncamla mənə, Bəxtiyar Vahabzadəyə, Nizami Süleymanova və Elxan İsgəndərova torpaq sahəsi ayrılıb. Mən də mişar daşı ilə ərazini hasarlatdım, darvaza qoydum, balaca bir ev tikdim. Şəxsən fəhləlik etdim, daş daşıdım ki, evimin tikintisində iştirakım olsun. Qonşularla birgə ortaq olaraq kanalizasiya sistemi, su, işıq, qaz xətləri çəkdirdik. Bir neçə il sonra qonşular məlumat verdilər ki, torpaq sahəm zəbt olunub. Araşdırdım, məlum oldu ki, torpağı zəbt edən o zaman Yanacaq Komitəsinin sədri olan Rizvan Vahabovdur. Rizvan Vahabov torpağıma verilən sərəncam olduğu halda mənim torpağıma saxta bir sərəncam aldı. Özü ilə də danışdım, dedi ki, get ver məhkəməyə. Mən o zaman Səbail İcra Hakimiyyətinə müraciət etdim. İcra başçısı dedi ki, bu, mənim səlahiyyətimdə deyil, bu məsələlərə bələdiyyələr baxır. Bələdiyyələr də şikayətimə baxmadı. Mənə qarşı törədilən cinayətlə bağlı Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə şikayət yazdım. Cavab verdilər ki, araşdırırlar, amma yenə də araşdırmadılar”.

Qabil Hüseynli deyir ki, Rizvan Vahabovun qanunsuz əməlindən məhkəməyə müraciət etməyib:

“Bu gün mənim torpağımda Rizvan Vahabov tərəfindən qoyulan gözətçi öz ailəsi ilə bərabər yaşayır. Mən torpağım zəbt ediləndən sonra məhkəməyə müraciət etmək haqda düşündüm. Lakin Rizvan Vahabovun əlaqələrini, məhkəmələrə təzyiq etmək imkanlarını nəzərə alıb, bundan vaz keçdim. Çünki o, pullu adamdır, məhkəmələrdə məni uduzdura bilər. Torpaq sahəsinin mənə ayrılması haqda sərəncam bu gün də əlimdədir. Ona görə də ölkə başçısına müraciət edib, qanunsuzluğa son qoyulmasını xahiş etmişəm. Torpağımı mənə qaytarsınlar və ya torpağımın dəyərini, o torpağa çəkdiyim xərci ödəsinlər”.

Məsələ ilə bağlı Rizvan Vahabovla əlaqə saxladıq. O, “məni bu məsələyə qatmayın, Qabil Hüseynli gedib məhkəməyə müraciət etsin" deməklə münasibətini ifadə etdi.

Rizvan Vahabovun adı əvvəllər də mülk zəbt etməkdə hallanıb. Bakının Murtuza Muxtarov 145 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrini və mənzilləri alan vətəndaşların mülkləri Rizvan Vahabov tərəfindən əllərindən alınmışdı. Vətəndaşlar Sevinc Rəcəbova, Təranə Hüseynova, Anar Əsədov, Vüsalə Xamıyeva, Zamiq Əhmədov, Əhliman Alıyev və Adil Kazımov redaksiyamıza müraciət edərək bildirmişdilər ki, 2011-ci ildə Rizvan Vahabov qayınanası Anna Qoloveşkinanın adından istifadə etməklə, Murtuza Muxtarov 145 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrini və mənzilləri əllərindən almağa çalışır. Şikayətçilər redaksiyaya R.Vahabovla bağlı olan və ona yönəlik çox ilginc ittihamlar yer alan materiallar təqdim etmişdilər.