Muxtar Babayevdən Söyüdlüdəki vəziyyətlə bağlı - Açıqlama
    • 22-06-2023, 19:32
    • 407

Muxtar Babayevdən Söyüdlüdəki vəziyyətlə bağlı - Açıqlama

“Söyüdlü kəndində sakinlərlə görüşdük. Yerində cavablandıra biləcəyimiz sualları cavablandırdıq. Narazılıq yaradan bütün məsələlər yoxlanılacaq və aydınlıq gətiriləcək”.

Bunu Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev sakinlərlə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.

Komissiya sədri vurğulayıb ki, artıq kənddə bu istiqamətdə monitorinq işlərinə başlanılıb və nəticələri qısa müddətdə ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, ötən gün Baş nazir Əli Əsədovun sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə komissiya yaradılıb. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Komissiyanın sədri təyin edilib.
Komissiyaya Söyüdlüdə tullantıxana sahəsində monitorinqlər aparmaq və mövcud vəziyyəti qiymətləndirmək, sakinlərin sağlamlığının və ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətlərini araşdırmaq, monitorinqin və qiymətləndirmənin nəticələrinə uyğun olaraq müvafiq təkliflər hazırlayaraq Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb. /Azərtac/