Rusiyada qiyam: “Vaqner” darmadağın ediləcək, Priqojin isə...
    • 24-06-2023, 15:07
    • 1 338

Rusiyada qiyam: “Vaqner” darmadağın ediləcək, Priqojin isə...

“Rusiyada baş verən son hadisələr və “Vaqner” özəl hərbi “şirkəti”nin rəhbəri Qriqori Priqojinin silahlı qiyama cəhd etməsini bir neçə aspektdən şərh etmək olar. Əvvəla, qeyd edim ki, baş verlərin  nəticəsindən asılı olmayaraq, Rusiyada Ukraynaya hərbi müdaxiləni qatı tərəfdarları olan və Priqojini öz qəhrəmanına çevirən, onu “korrupsiyaya bulaşmış generallara” qarşı çıxış edən əsl “rus kişisi” kimi qəbul edənlərin mövqeyinə, silahlı qüvvələrin və təbii ki, hakimiyyətin avtoritetinə ziyan dəyəcək”.

News24.az xəbər verir ki, bu sözləri politoloq Elçin Mirzəbəyli qeyd edib.

O qeyd edib ki, Priqojini çox güman ki, ən qısa zamanda aradan götürəcəklər və artıq hakimiyyət üçün problemə çevrilən “Vaqner” qruplaşması darmadağın ediləcək: “Çünki Priqojinin, ordu bir yana qalsın, Rusiyanın elitar silahlı qruplaşmalarına, hətta FTX-ya qarşı belə müqavimət göstərə biləcək gücü yoxdur. Silahlı qiyamın səbəbləri ilə bağlı, qənaətimə görə, ən azı iki ehtimal irəli sürmək olar. Birincisi, Priqojin məqsədyönlü şəkildə təxribata çəkilib və onun emosional bir şəxs olduğunu yaxşı bilən texnoloqlar “Vaqner” rəhbərinin başqa seçimi qalmadığı üçün təslim olmayacağını, silahlı qiyama əl atacağını öncədən hesablayıblar. Qiyam isə Rusiya hakimiyyətinə ölkədə hərbi vəziyyət elan etməyə, yaxud hərbi vəziyyət elan edilmədən də məhdudiyyət və qadağaları daha da sərtləşdirməyə imkan yaradacaq.
İkincisi, qiyam Rusiya ordusunun Ukraynadakı uğursuzluqlarında Priqojinin günahkar olduğunu, onun təxribat və sabotajlarının hərbi əməliyyatların uğurla davam etdirilməsinə maneə yaratdığını irəli sürməyə imkan verəcək və “Vaqner” Ukrayna kampaniyasının “qurbanlıq keçi”si elan olunacaq. Bütün günahlar “Vaqner”çilərin üzərinə qoyulacaq. Bu xüsusda, Kaxovka su anbarının partladılmasında da Priqojinin suçlu bilinməsi mümkündür. Bu sıraya “Azad Rusiya” legionu və “Rus könüllüləri” korpusunun da “Vaqner”çilərdən təşkil edildiyinin elan oluna biləcəyi ehtimalını da əlavə etmək olar. Digər tərəfdən, unutmaq lazım deyil ki, qiyamın yaxın inqilabın imitasiyası real qiyam və inqilabların qarşısının alınması üçün ən sınanmış vasitələrdən biridir”.