Lahıca getmək istəyənlərin nəzərinə: Bu yoldan istifadə edin! - VİDEO
    • 1-07-2023, 17:19
    • 523

Lahıca getmək istəyənlərin nəzərinə: Bu yoldan istifadə edin! - VİDEO

Güclü sel İsmayıllı rayonunun Lahıc qəsəbəsinə ciddi ziyan vurub. Yağan aramsız leysan yağışları  bir sıra fəsadlara səbəb olub. Sel suları İsmayıllıda Lahıc yolunu dağıdıb və qəsəbənin İsmayıllı rayonu ilə əlaqəsi kəsilib. Hazırda İsmayıllı-Lahıc yoluna tökülən qaya parçaları təmizlənərək hərəkət bərpa olunub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə,  İsmayıllı-Lahıc avtomobil yolunda (9-19-cu km-lər) yolun hərəkət hissəsinə tökülən qaya parçaları təmizlənərək nəqliyyat vasitələrinin hərəkətində yaranmış məhdudiyyət aradan qaldırılıb.

Bildirilib ki, sözügedən yolda yaranmış problemlə bağlı Agentliyin “Çağrı Mərkəzi”nə məlumat daxil olan kimi dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “5 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub. Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində sözügedən yolda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi dünən axşam saatlarından etibarən təmin olunub.

Son vəziyyətlə bağlı News24.az-a danışan Lahıc qəsəbə icra nümayəndəsi Əli Əlizadə bildirib ki, hazırda selin fəsadlarını aradan qaldırmaq üçün ərazidə agentliyin texnikaları işləyir: “Hər şey nəzarətdədir, işlər davam edir. Yol açıqdır, amma bəzi yerlərdə genişləndirməyə ehtiyac var. İşıq, qaz, su və internetlə bağlı heç bir problem yoxdur. Hazırda yağıntı yoxdur, amma qısamüddətli də olsa yağışın yağma etimalı var. Ümid edirik ki, gözlənilən yağıntı bu cür fəlakətə səbəb olmayacaq”.

İcra nümayəndəsi Lahıca səfər edən turistlərə müraciət edib. O bildirib ki, hazırda qəsəbəyə gəlmək üçün alternativ yoldan istifadə etmək daha məqsədəuyğundur: “Bayram günləri ilə əlaqədar yerli və xarici turistlərin səfəri davam edir. Sel ilə bağlı olaraq müəyyən fasilələr oldu, onları üzrlü səbəblərdən yol açılana qədər gözlətdik. Ancaq bizim alternativ yolumuz var. Bu, 2018-ci ildə cənab Prezidentin açılışını etdiyi Şamaxı-Dəmirçi-Lahıc yoludur. Bu yolla birbaşa Şamaxıya çıxış imkanı var və çox rahat yoldur. Dəmirçi yolu ilə gəldikdə hazırda Muğanlı dolaylarında aparılan körpü tikintisi və Basqaldan İsmayıllıya qədər davam edən təmir-tikinti işlərinin heç birini görmürlər. Turistlər bu yoldan istifadə edərək Lahıcı rahat ziyarət edə bilərlər”. 

Ə.Əlizadə qeyd edib ki, Girdimançayın daşması ilə əlaqədar olaraq Lahıc qəsəbəsi də daxil olmaqla, Burovdal, Əhən, Müdrü , Həftəsov və digər ətraf kəndlərlə əlaqə kəsilib: “Daha sonra alternativ yoldan istifadə edərək ora getmək imkanı oldu. O yolda hazırda müəyyən problemlər var. Amma kiçik avtomobillərin gedişi mümkündür. Çox sevindirici haldır ki, bu cür böyük fəlakət nəticəsində insan itkisi olmadı. Eyni zamanda, iri və xırdabuynuzlu heyvan saxlayanlar tərəfindən də tələfatla bağlı hansısa məlumat daxil olmayıb”.

Akqabay