"Növbəti Brüssel görüşü dönüş nöqtəsi ola bilər" - Tofiq Abbasov
    • 6-07-2023, 17:58
    • 142

"Növbəti Brüssel görüşü dönüş nöqtəsi ola bilər" - Tofiq Abbasov

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında yaxın vaxtlarda Azərbaycan prezidenti İlham Əliyevlə Brüsseldə görüşəcəyini bildirib. Sözügedən görüş Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutacaq.

Politoloq Tofiq Abbasov
News24.az-a açıqlamasında bildirib ki, Brüssel görüşündə sülh sazişinin əldə olunması istiqamətində vacib razılıqlara gəlinə bilər.

Onun sözlərinə görə, bu görüş dönüş nöqtəsi ola bilər: "Bunun üçün bir neçə vacib səbəb var və onlar göz önündədir. Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını pozan qüvvələrdən biri Fransadır. Hazırda bu ölkə prosesdən kənarda qalıb. Makronun iğtişaşlar səbəbindən geriləməsi maneəni götürməyə təkan verəcək.  Bu zəmində sülh danışıqları üçün əlverişli konyektura formalaşır. Paşinyan bir qədər qətiyyətli olacağı təqdirdə Brüsseldə vacib razılaşmalar əldə edilə bilər. Mövcud prosesin sülhə doğru getdiyinin əlamətlərini müşahidə etmək mümkündür. Deyə bilərəm ki, ümidverici transformasiyalar baş verir. Biz Paşinayana davranışlarımızla onun səhvlərindən sığortalamalı olduğunu göstəririk. Sülhə qarşı çıxan, maneəçilik törədən amillər yavaş-yavaş sıradan çıxır”. 

Politoloq qeyd edib ki, hazırda Ermənistan parlamentində Paşinyana təzyiq göstərirlər. Onun yeganə çıxış yolu Azərbaycanla münasibətləri normallaşdırmaqdan ibarətdir: “Məlum olduğu kimi, bu yaxınlarda erməni kilsəsi və Ermənistan baş naziri arasında gərgin mübahisə oldu. Bu zaman Paşinyan geri çəkilmədi. Ona iki qurum mane olur: diaspora və kilsə. Bunlar Paşinyan hakimiyyətinə qarşı birləşiblər. Baş nazir də bunu yaxşı anlayır. Ona görə də, Azərbaycanın ərazi bütövlüyün tanımaqla Qarabağ ermənilərinə “qırmızı kart” göstərdi ki, “daha işləriniz bizlik deyil”. 

T.Abbasovun sözlərinə görə, Fransa prezidenti iflasa uğradıqca, prosesdən geri çəkilməyə başlayacaq: “O, erməni məsələsini öz əlində silah saymağa çalışsa da, Azərbaycanın qalxanı qarşısında həmin silahın kəsəri yoxdur. Digər tərəfdən, faktiki olaraq Makron ona dönük çıxdı. Fransa erməni federasiyasının nümayəndələri ilə görüşdə Makron demək olar ki qeybət edib. Paşinyanın ünvanına nalayiq ifadələr işlədib. Fransa Ermənistanla həmrəydirsə, belə münasibəti necə göstərə bilir? Bu, əslində Paşinyan üçün olduqca vacib bir motivdir. O görür ki, Makron burada ikili oyun oynayır. Makron Paşinyanla səmimi deyil. Onun maraqlarını məhz Paşinyanın rəqiblərinə satr. Odur ki, artıq Paşinyan da anlayır ki, onun çıxış yolu yalnız Azərbaycan və Türkiyə ilə yaxın münasibətlər qurmaqdan ibarətdir. Bu halda nicat yolu tapa bilər”. 

Arzu