Azərbaycanda ögey ata qızının saçını bıçaqla qırxdı, qulağını dişlədi – ŞOK FAKTLAR
    • 7-07-2023, 13:24
    • 4 406

Azərbaycanda ögey ata qızının saçını bıçaqla qırxdı, qulağını dişlədi – ŞOK FAKTLAR

Masallıda ögey qızına dəhşətli əzablar verən 1986-cı il təvəllüdlü Rais Əzizağa oğlu Tomarov həbs edilib.

News24.az-ın əldə etdiyi məlumata görə, onun barəsində Masallı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 128 və 133-cü (qəsdən sağlamlığa yüngül zərər vurma və əzab vermə) maddələri ilə iş açılıb.

Araşdırmalar zamanı məlum olub ki, əvvələr başqası ilə rəsmi nikahda olan Rais Tomarov Kürdəmir rayon Xınıslı kənd sakini olan qadınla Bakıda tanış olub. O, ailəsini ataraq həmin qadınla birgə yaşamağa başlayıb. Bir müddət sonra onlar Bakıdan Masallıya köçüblər və qadının 2011-ci il təvəllüdlü qızı da onlarla birgə rayona köçüb. Lakin 2022-ci ilin avqustundan etibarən Rais ögey qızına və qeyri-rəsmi nikahda yaşadığı həyat yoldaşına əzablar verməyə, onları mütəmadi döyməyə başlayıb. 

Ögey qızının onlarla birgə yaşamasını istəməyən R.Tomarov hamilə arvadını telefonun şarj aparatının naqili ilə döyərək xəsarətlər yetirib. Daha sonra o, 11 yaşlı ögey qızının saçlarını bıçaqla kəsib. Uşağın qışqıraraq yalvarmasına baxmayaraq o, qızın sol bazu və sol çiyin nahiyəsini dişləyib, ona iztirablar verib. Bu zaman qızın anası uşağı onun əlindən almağa çalışıb. Amma R.Tomarov həmin məqamda qadına da fiziki şiddət göstərib. Onun baldırını dişləyərək xəsarət yetirib.  aha sonra o, hərəkətlərinə davam edərək köməksiz vəziyyətdə qalmış uşağın ayağına qayçı ilə bir neçə zərbə endirib. Ardınca evdəki bir neçə əşyanı ögey övladının başına çırpıb, həmçinin həyətdən götürdüyü daş parçası ilə bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub. Nəticədə (cərrahi tikişə ehtiyacı olan) əzilmiş yara ilə nəticələnən, sağlamlığın pozulmasına səbəb olan sol qulaq seyvanının arxa yuxarı qövsünün toxuma defekti olan dişlənmiş yarası və digər xəsarətlər yetirib.

Məhkəmədə azyaşlı ilə yanaşı onun anası da zərərçəkmiş şəxs qismində tanınıb. Qadın ifadəsində Rais Tomarovun ağır cəzaya məhkum edilməsini tələb edib.

Masallı rayon Məhkəməsinin hökmü ilə R.Tomarov 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 

Qeyd edək ki, hadisələrdən sonra qadın və övladı "Azərbaycan Uşaqları" İctimai Birliyinin sığınacağına yerləşdirilib.

Taleh Bağırov