Mərkəzi Bankın maliyyə hesabatı ilə bağlı şok faktlar
    • 8-07-2023, 15:42
    • 616

Mərkəzi Bankın maliyyə hesabatı ilə bağlı şok faktlar

İqtisadçı-ekspert Rövşən Ağayev Azərbaycan Mərkəzi Bankının açıqladığı 2022-ci il üçün maliyyə hesabatı ilə bağlı maraqlı məqamları qeyd edib.

News24.az
xəbər verir ki, ekspert ötən il Mərkəzi Bankın aktivlərində ciddi artım olduğunu bildirib.

“Bankın aktivlərində ciddi artım olub – 18 faizə yaxın və ya 4.4 milyard manat. Aktivlərin genişlənməsində cəlb edilmiş vəsaitlərin payı həlledici olub - borc qiymətli kağızlarının buraxılışı hesabına əvvəlki illə müqayisədə 1.2 milyard manat əlavə vəsait, rezident bankların qısamüddətli depozitləri hesabına 2 milyard manata yaxın vəsait cəlbi olub. 2 milyard manatdan artıq emissiya həyata keçirilib.

Aktivlərin 70 faizdən çoxu (22 milyard manat) borc qiymətli kağızlarına yatırılıb və bu, əvvəlki ildəkindən 5 milyard manat çoxdur.

Beynəlxalq maliyyə standartları baxımından yanaşdıqda, Mərkəzi Bankın qiymətli kağızlarının az hissəsi - təxminin 1,4 milyard manatı ticarət məqsədli və qısa müddət ərzində bazar dəyərinin dəyişməsindən mənfəət əldə etmək məqsədli alətlər (məsələn, səhmlər) olub. Daha böyük hissəsi (11,1 milyard manat) son müddətə qədər əldə tutulan, daha çox sabit gəlirli alətlərdir (istiqrazlar, notlar). Bütövlükdə xarici bazarlarda borc qiymətli kağızlarına yatırılan 12,5 milyard manata yaxın vəsaitin 10,1 milyard manatı müxtəlif notlara (5,6 milyard manatı xarici dövlətlərin xəzinədarlıq notları) yatırılıb. Notlar daha qısamüddətli (1 ilədək) olan borc kağızlarıdır.

AMB-nin borc qiymətli kağız portfelinin təxminən 9,4 milyard manatı Beynəlxalq Bankın salındığı bataqlıqdan çıxarılması üçün “Aqrarkredit”in vasitəçiliyilə buraxılan (illik 0,15 faizlə 30 illiyə) borc kağızlarına yatırımdır.

Maraqlıdır ki, son 3 ildə hökumət bu portfelin azaldılması istiqamətində addım atmır. Borclanmanın baş verdiyi son 7 ildə isə əsas borcun hətta 10faizindən az hissəsi geri dönüb.

Mərkəzi Bankın qeyri-rezident banklarda yerləşdirdiyi nağd pul vəsaitlərinin həcmi 2 milyard manata yaxın artaraq təxminən 5.4 milyard manat olub.

Törəmə maliyyə alətləri (svop, fyuçers, forvard) üzrə əməliyyat dövriyyəsi kiçik olub və əvvəlki ilə nisbətən 2 dəfədən çox azalıb.

AMB-nin aktivlərinin 30 faizə yaxını (11,6 milyard manat) ölkə daxilinə, 70 faizi xaricə (o cümlədən, 11.4 milyard manat Şimali Amerika, 3.8 milyard manatı Avropa) bağlıdır.

Hesabatda aktivlərin strukturu və coğrafiyası ilə bağlı əvvəlki illərə nisbətən daha geniş məlumatlar açıqlansa da, valyuta ehtiyatlarının idarə edilməsinə dair ayrıca rüblük hesabatlar da ola bilər. Ən azından bu sahədə Neft Fondunun hesabatlılıq təcrübəsi istifadə edilə bilər”, - iqtisadçı qeyd edib. (Axar.az)