Afrikaya güclü qar yağdı - VİDEO
    • 11-07-2023, 10:38
    • 309

Afrikaya güclü qar yağdı - VİDEO

Cənubi Afrika Respublikasının qərbində qar yağıb. 

News24.az
xəbər verir ki, bu barədə yerli SABC radiostansiyası məlumat yayıb.

Antarktidadan soyuq hava kütlələrinin gəlməsi nəticəsinbdə Cənubi Afrikanın ən böyük şəhəri Yohannesburqun sakinləri səhərə qarla oyanıblar. İyul ayı Cənub yarımkürəsində qış ayıdır, lakin burada 10 ildir qar yağmayıb.

SABC qeyd edir ki, Qərbi Keyp əyalətinin müxtəlif yerlərində 10 saatdan artıq qar yağıb. 2023-cü ildə əvvəlkilərdən fərqli olaraq təkcə yüksək dağlıq ərazilərə deyil, əyalətin bir çox şəhər və qəsəbələrinə qar yağıb. Bir çox yollar buz bağlayıb. Səlahiyyətlilər sürücülərə son dərəcə diqqətli olmaları barədə xəbərdarlıq edib.

Soyuq hava kütləsi indi Cənubi Afrikanın dərinliklərinə doğru irəliləyir. Bazar ertəsi səhər Qautenq paytaxt əyalətində temperatur kəskin şəkildə aşağı düşüb. Ötən gecə Cənubi Afrikada 2023-cü ildə ən soyuq gecə olub. Yohannesburq və Pretoriyada havanın temperaturu sıfır dərəcədən aşağı düşüb.

Meteorologiya xidməti xəbərdarlıq edib ki, yaxın saatlarda ölkənin cənub-şərqində yerləşən KvaZulu-Natal əyalətində qar yağacağı gözlənilir. Sinoptik Lulama Feme deyib: “Gün ərzində KvaZulu-Natalın çoxsaylı ərazilərinə güclü qar yağacağı gözlənilir”.

Cənubi Afrika Meteoroloji Xidmətinin sözçüsü isə BBC-yə bunları deyib: “Hələlik qarın yağması böyük problemlər yaratmayıb”.

Meteoroloqlar fermerlərə heyvandarlıq üçün uyğun isti yerlər tapmağı tövsiyə ediblər. Qeyri-adi soyuq hava və qar yağmasının iqlim dəyişikliyinin nəticəsi olub-olmadığını hələlik söyləmək mümkün deyil.

Turan