Deputat: "Prezident haqlıdır, zamanında ölçü götürülməli idi"
    • 12-07-2023, 13:55
    • 165

Deputat: "Prezident haqlıdır, zamanında ölçü götürülməli idi"

"Cənab Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə ölkədə bəynəlxalq aləmdə siyasi, iqtisadi, sosial problemlərə ciddi təhlil əsasında doğru qiymət verdi. Ölkə başçısı ekologiyanın qorunmasının vacibliyini vurğulayaraq, Gədəbəyin Söyüdlü kəndində son zamanlar baş verən hadisələrlə bağlı qəti, sərt, doğru mövqeyini ortaya qoydu. Qızıl mədənlərinin istismarı ilə bağlı xarici şirkət ekologiyamıza ciddi ziyan vurub. Yerli sakinlərin etirazı da haqlıdır". 

Bu fikirləri News24.az-a açıqlamasında millət vəkili Musa Quliyev deyib.

O, sözlərinə belə davam edib: "Təəssüf ki, zamanında müvafiq qurumlar doğru ölçü götürməyib. Təbii ki, insanların qanunun tələblərindən kənara çıxaraq mitinq təşkil etmələri bir günün içərisində formalaşan hadisə deyil. Şübhəsiz ki, bu insanlar öncədən də aidiyyəti üzrə qurumlara müraciətlərini ediblər. Ancaq dövlət başçısının da dediyi kimi, şikayətlərlə bağlı heç bir ölçü götürülməyib. Prezident haqlıdır, zamanında ölçü götürülməli idi. Bu etirazları müəyyən dairələr ölkəmizdə təxribat törətmək məqsədilə siyasi məcraya yönəltməyə cəhd ediblər. Nəticədə ictimai asayişi qoruyan və öz vəzifə borcunu ləyaqətlə yerinə yetirən polislə vətəndaşlar arasında arzuedilməz hallar baş verib. Dövlət başçısı bu məsələyə də öz doğru mövqeyini bildirdi. O qeyd etdi ki, Azərbaycan polisi ölkəmizdə ictimai asayişi, sabitliyi qoruyur. Polisə qarşı hər hansı bir qanun pozuntusu yolverilməzdir. 

Yekun nəticə bundan ibarətdir ki, hər bir qurum, vəzifəli şəxs vəzifə borcunu qanunlara uyğun, ədalətli formada yerinə yetirməlidir. Belə olan halda gərginliyə ehtiyac qalmaz". 

Məhərrəm Əliyev