"İnflyasiya real gəlirlərə, aztəminatlı ailələrə mənfi təsir göstərir" — Deputat
    • 12-07-2023, 16:54
    • 767

"İnflyasiya real gəlirlərə, aztəminatlı ailələrə mənfi təsir göstərir" — Deputat

"Ölkəmizdə ilin sonuna kimi inflyasiyanın aradan qaldırılması üçün cənab Prezident tərəfindən ciddi tapşırıqlar verildi. Qeyd edim ki, ölkəmizdə inflyasiyanın ikirəqəmli olmasının müxtəlif səbəbləri var". 

Bu fikirləri News24.az-a Milli Məclisin deputatı Mahir Abbaszadə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə səslənən fikirləri şərh edərkən bildirib.

Millət vəkili bildirib ki, hökumət inflyasiya ilə bağlı ciddi tədbirlər görməlidir: 

"Azərbaycanın bütövlükdə iqtisadi potensialı və iqtisadi sahədə əldə edilmiş nəticələr fonunda inflyasiyanın 12 faiz səviyyəsində olması, əlbəttə ki, arzuolunan deyil və bu istiqamətdə ciddi işlər aparılmalıdır. Yəni, süni amillər aradan qaldırılmalıdır. Müşahidə olunan qiymət artımları bəzi hallarda süni şəkildə həyata keçirilir. Azərbaycan hökuməti, xüsusilə uyğun nazirliklər tərəfindən bu halların qarşısı alınmalıdır".

Millət vəkili qeyd edib ki, inflyasiyanın ikirəqəmli olması insanların sosial vəziyyətinə olduqca ağır təsir edir: 

"Çünki ötən il əhalinin real minimal dəyərləri təxminən 20 faiz olub. Amma inflyasiya 14 faiz olduğuna görə əhalinin real gəlirləri 6 faiz təşkil edib. İnflyasiyanın ikirəqəmli olması əhalinin gəlirlərinə mənfi təsir göstərir və gəlirlərinin azalmasına səbəb olur. Digər tərəfdən, inflyasiyanın yüksək olması sosial müdafiə ehtiyacı olan ailələrə olduqca mənfi təsir göstərir. Düzdür, inflyasiyanın mənfi təsirlərinin aradan qaldırılması üçün dövlət başçısı tərəfindən bir neçə dəfə sosial paket həyata keçirilib. Amma qiymətlər sürətlə qalxdıqca, inflyasiya prosesi dərinləşdikcə, sosial müdafiəyə ehtiyacı olan insanların yaşamasında müəyyən çətinliklər ortaya çıxır. Ona görə Cənab Prezident tərəfindən verilmiş tapşırıq hökumət tərəfindən düzgün və vaxtından həyata keçiriləcək. Biz ilin sonuna qədər yəqin ki ölkəmizdə birrəqəmli inflyasiyanın olmasının şahidi olacağıq".

Aynurə Pənahqızı