ETSN bir dəfə də olsun, Xəzərin hasarlanmasına qarşı çıxıbmı? - Millət vəkili
    • 12-07-2023, 14:26
    • 476

ETSN bir dəfə də olsun, Xəzərin hasarlanmasına qarşı çıxıbmı? - Millət vəkili

"Əslində bu məsələlərə ölkə prezidentinin ürək yanğısıyla münasibət bildirməsi ortaya bir sual çıxarır. Bu qədər danlaq, bu qədər iraddan sonra niyə məmurların iş üslubu dəyişmir?"

Bunu News24.az-a Milli Məclisin deputatı Fazil Mustafa 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə səslənən fikirləri şərh edərkən bildirib.

Millət vəkili qeyd edib ki, ekologiya ilə bağlı problemlər Azərbaycanda kifayət qədər aktuallığını qorumaqdadır: 

"Bəzi məsələlərdə gözləyirlər ki, məlumat prezidentə çatsın və o, bu istiqamətdə tapşırıq verəndən sonra gedib yerində maraqlansınlar. Siz bir dəfə görmüsünüzmü, Xəzər dənizinin hasarlanmasına qarşı Ekologiya Nazirliyi, yaxud hansısa qurum fəryad qoparsın?! Yəni Xəzərin bu qədər çirkab olması, dənizin sərvətlərinin məhv edilməsi istiqamətində bir həyəcan təbili çalsınlar?! Yoxdur! Ancaq gözləyirlər ki, mövzu ölkə prezidenti səviyyəsində aktuallaşsın, ondan sonra münasibət bildirsinlər. Bu, çox acınacaqlı durumdur". 

Millət vəkili hesab edir ki, bu məsələlərə diqqətin yönəldilməsi vacibdir: "Prezidentin bu məsələdə cəmiyyətə verdiyi əsas mesajlardan biri də odur ki, insanlar təbii ki, səhhəti, ekoloji sağlamlığı ilə bağlı həyəcanı diqqətə çatdırmalıdırlar, etirazlarını bildirməlidirlər. Amma bu, heç kimə əsas vermir ki, etirazını kobud, qanunları pozan şəkildə, daşatma yolu ilə həyata keçirsin. Polisin də səhvi ola bilər, müəyyən məqamlarda hansısa bir-iki təcrübəsiz hərəkəti ola bilər. Amma bütövlükdə asayiş qoruyucularına qarşı bu qədər aqressiv davranmaq və kənardan bu işin körüklənməsində alətə çevrilmək xoşagələn hal deyil. Belə hallar ölkədə  ictimai sabitliyə ciddi zərbə vurur. Ona görə bu məsələlər ətrafında ciddi şəkildə müzakirələr aparılmalı və tövsiyələr diqqətə alınmalıdır".

Aynurə Pənahqızı