Separatçılar Laçın postuna hücum etməyə hazırlaşır —  SƏBƏB
    • 13-07-2023, 14:38
    • 612

Separatçılar Laçın postuna hücum etməyə hazırlaşır — SƏBƏB

Qarabağdakı separatçılar iyulun 15-də Brüssel görüşündən sonra Laçın postuna qarşı hücuma keçə bilər. 

News24.az
Publika.az-a istinadən xəbər verir ki, separatçıların “başçısı” Araik Arutyunyanın dedikləri bu gözləntini yaradır.

Dünən Qarabağda qondarma “ dəhlizin açılması hərəkatı” etiraz aksiyası keçirib, daha sonra Laçın postuna yürüş etməyə cəhd ediblər. Lakin az adam dəstəklədiyi üçün yürüş baş tutmayıb. Daha sonra qondarma “hərəkat”ın nümayəndələri separatçıların qondarma “dövlət naziri” Qurgen Nersisyanla görüşüb. Nersisyan onları Araik Arutyunyanın yanına aparıb.

Araik onlara bildirib ki, iyulun 15-də üçtərəfli görüşdə Laçın postunun açılması ilə bağlı qərarın qəbul olunacağını gözləyirlər. Əgər bu olmasa, hamılıqla birlikdə “hərəkata” qoşulacaq və birlikdə Laçın postuna yürüş edəcəklər. 

Görünür, iki gün sonra separatçılar Laçın postunda təxribat törətməyə hazırlaşır. Brüssel görüşündə Ermənistanın Laçın postunun ləğv edilməsi məsələsini gündəmə gətirəcəyi məlumdur, lakin Bakının mövqeyində dəyişikliyin olmayacağı da şübhəsizdir. 

Bu vəziyyətdə separatçıların təxribat yürüşü edəcəyi gözləniləndir. Əgər prosesə separatçıların “rəhbərliyi” də qoşulacaqsa, onda erməni əhalisi də bu yürüşə qatılmağa məcbur edilə bilər. O da istisna edilməməlidir ki, separatçılar diqqət çəkmək üçün erməni əhalisinə qarşı təxribat törədə, bunu Azərbaycanın üzərinə yıxmağa çalışa bilərlər.