Ali təhsillə bağlı layihənin açılış konfransı keçirilib - FOTO
    • 1-03-2019, 12:33
    • 673

Ali təhsillə bağlı layihənin açılış konfransı keçirilib - FOTO

Bu gün “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” (Tİİ) layihəsinin açılış konfransı keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İsa Həbibbəyli  iştirak ediblər.

Konfransın əsas məqsədi müvafiq dövlət qurumlarından, beynəlxalq və yerli təşkilatlardan olan mütəxəssisləri bir araya gətirərək, onları layihənin məzmunu və planlaşdırılan fəaliyyətlər barədə məlumatlandırmaqdır. Konfransda dövlət, özəl və beynəlxalq təşkilatlardan 90-na yaxın nümayəndə iştirak edib.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, son illərdə Azərbaycanın ali təhsil sistemində mühüm dəyişikliklər və islahatlar həyata keçirilir, tədqiqat, ixtira, innovasiya yönümlü layihələrə dəstək verilir. Nazir müavini qeyd edib ki, Avropa İttifaqı ilə birgə həyata keçirilən layihə də məhz bu məqsədə xidmət edir. Layihə çərçivəsində ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların idarəolunması üçün imkanların yaradılması, tədqiqatların dəstəklənməsi istiqamətində potensialın gücləndirilməsi və müasir doktorantura təhsil proqramlarının formalaşdırılması nəzərdə tutulur.  Həmçinin ali təhsil sistemində Tİİ üçün milli koordinasiya modelinin təklif olunması məqsədilə biri maliyyə mexanizmi olmaqla üç dəstək mexanizmi hazırlanacaq. Həmin mexanizmlərdən biri pilot olaraq həyata keçiriləcək.

Nazir müavini vurğulayıb ki, ali təhsil müəssisələrində tədqiqat və ixtira fəaliyyətinin genişləndirilməsi üçün həvəsləndirici mexanizmlər, “Açıq İnnovasiya” konsepsiyasının hazırlanması planlaşdırılır. Bu, mövcud tədqiqat və ixtira imkanlarından daha yaxşı istifadə edilməsinə və yeni investisiyaların stimullaşdırmasına imkan yaradacaq.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas bildirib ki, Azərbaycanla Aİ arasında əməkdaşlıq müxtəlif sahələrdə olduğu kimi təhsil sahəsində də uğurla davam edir. Səfir layihənin əsas məqsədinin Azərbaycanın ali təhsil sistemində tədqiqat və innovasiya yönümlü yeni mexanizmlərin yaradılması olduğunu qeyd edib.

AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli isə ölkədə elm və təhsil sahəsində beynəlxalq əməkdaşlıq üçün münbit şərait yarandığını, layihənin uğurlu nəticələr verəcəyinə əminliyini qeyd edib.  

Tİİ Türkiyə ofisinin direktoru Yasemin Erdal, Təhsil Nazirliyinin şöbə müdiri və layihənin Azərbaycan tərəfindən koordinatoru Emin Əmrullayev, layihənin eksperti Krzysztof Gulda öz çıxışlarında tədqiqat, ixtira və innovasiya sahəsində beynəlxalq təcrübə, layihənin məqsədi, həyata keçiriləcək işlər barədə ətraflı məlumat veriblər.

Konfrans işini sual-cavab və müzakirə formatında davam etdirib.

Təhsil Nazirliyinin əsas benefisiarı olduğu və Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi 2018-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayına qədər olan dövrü əhatə edir. Layihənin əsas məqsədi ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların (Tİİ) strategiyası və idarəedilməsinin gücləndirilməsindən ibarətdir.