Bu şərtlər reallaşsa, Azərbaycan manatı Xankəndidə dövriyyəyə buraxıla bilər
    • 17-07-2023, 13:54
    • 377

Bu şərtlər reallaşsa, Azərbaycan manatı Xankəndidə dövriyyəyə buraxıla bilər

Ermənistan prezidentinin xüsusi tapşırıqlar üzrə keçmiş səfiri David Şahnazaryan “Aravot” nəşrinə müsahibəsində Qarabağın tam qaytarılması ilə bağlı danışıb. O, 4 mərhələdən ibarət "yol xəritəsi"ndən bəhs edərkən Azərbaycan manatının Xankəndidə dövriyyəyə buraxılacağı ilə bağlı fikirlər deyib.

İqtisadçı Natiq Cəfərli məsələni News24.az-a şərh edib.

O bildirib ki, proses gec-tez reallaşmalıdır: “Xankəndi və ətrafı Azərbaycanın əzəli və əbədi torpaqlarıdır. Sadəcə müvəqqəti olaraq Rusiya sülhməramlılarının yerləşdiyi ərazidir. Xankəndiyə inteqrasiyada mane olan faktorlardan biri sülhməramlılardır. İqtisadi inteqrasiya labüddür, qaçılmazdır. Əvvəl-axır Azərbaycan bu prosesi reallaşdıracaq. Mərhələli və planlı şəkildə olması daha məqsədəuyğundur. Düzdür, zamanla bağlı indidən nəsə demək çətindir. Çünki texniki infrastruktur və baza qurulmalıdır. Manatın dövriyyəsi üçün Azərbaycan bank sisteminin orada mövcudiyyətinə ehtiyac var. Bankomatların qurulması, bank şöbələrinin yaradılması, həmin bank şöbələrinin banklararası pul köçürmə sistemlərinə qoşulması və s. Azərbaycan manatının orada yeganə ödəniş vasitəsinə çevrilməsi üçün bunlar vacibdir. 

Daha sonra isə orada yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının işlə təminatı, yaşlıların təqaüdlə təminatı, iş yerlərinin yaradılması, maaşların manatla alınması kimi məsələlər öz həllini tapmalıdır. Erməni əsilli Azərbaycan vətəndaşları və onların başbilənləri vaxtında və müqavimətsiz əməkdaşlıq etməyə çalışsalar, daha yaxşı olar. Onsuz da gec-tez bu proses reallaşacaq. Ancaq zamanla bağlı optimist olmaq mümkün deyil. Texniki və geosiyasi səbəblər prosesin sürətli reallaşmasının qarşısını ala bilər. Azərbaycan tutduğu yolda əminlə addımlasa, mənə elə gəlir ki, bu infrastruktur və şərait yetişəcək”. 

Məhərrəm Əliyev