Prezidentin nazirliyə verdiyi vaxt başa çatdı: Cavab nə olacaq?...
    • 18-07-2023, 11:51
    • 381

Prezidentin nazirliyə verdiyi vaxt başa çatdı: Cavab nə olacaq?...

Xəbər verdiyimiz kimi, dövlət başçısı İlham Əliyev 2023-cü ilin 6 ayının nəticələrinə həsr olunmuş müşavirədə Gədəbəy rayonundakı qızıl yataqları yaxınlığında salınan süni gölün yaradılması, bununla bağlı əhalinin etirazı və bu məsələ ətrafında baş verən hadisələrə sərt münasibət bildirib. 

Prezident həm ona, həm də ictimaiyyətə məlumat verilməsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 1 həftə vaxt vermişdi. Artıq müddət başa çatıb. 


News24.az məsələ ilə bağlı ekspertlərin fikirlərini öyrənib və qurumdan rəsmi mövqe alıb. 

Politoloq Cümşüd Nuriyev qeyd edib ki, Prezidentin göstəriş verməsinə ehtiyac yox idi: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi fəaliyyətini gücləndirməli idi. Qarabağın ərazisi və Şərqi Zəngəzurda törədilən ekosidlə bağlı təxminən 90 gün gənclər etiraz etdilər. Bu günə qədər etirazların heç bir nəticəsi olmadı. Bəsitçay Dövlət Təbiət Qoruğu və Qaragöl Dövlət Təbiət Qoruğunu ermənilər tamamilə dağıdıb aparıblar. Laçın, Kəlbəcər, Qubadlı və  Daşaltı təbiət yasaqlıqları dağıdılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələ ilə bağlı heç bir iş görməyib. Görünən odur ki, nazir fəlsəfənin ekologiyası ilə məşğuldur, amma ekologiyanın fəlsəfəsi ilə məşğul ola bilməyib. Bəs, nazir müavinləri hara baxırlar? Bu nazirlik kimi, nədən qoruyur, bilinmir. Meşələrimiz tamamilə dağıdılır, talanır, amma səs çıxaran yoxdur. Gədəbəylə bağlı hesabat çoxdan verilməli idi. Bir az tənqid edən kimi deyirlər ki, müxalifətçidir. Mən 15 ildir ki, YAP-çıyam, amma reallığı deməliyik. Parlamentdə 1 il Ekologiya Komissiyasının sədri olmuşam. 30 il bundan qabaqkı ekologiya ilə bugünkü ekologiyaya baxan təşkilatın arasında yerlə göy qədər fərq var. Bu təşkilat yox dərəcəsindədir. Amma qəşəng də pul yığırlar”.

Millət vəkili Fazil Mustafa bildirib ki, ölkə başçısı sözügedən quruma ciddi mesaj verib: “Burada hər hansısa bir şübhə yeri yoxdur. Əminəm ki, belə bir məsələ varsa, brifinq keçirib, izahat verəcəklər”. 

Nazirliyin mətbuat xidmətindən saytımıza bildirilib ki, sərəncama uygun olaraq Söyüdlü ərazisində aparılan monitorinqlərin və araşdırmaların nəticəsi barədə hesabat hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub.