İstehlakçılara 65,2 milyon manat ƏDV geri qaytarılıb
    • 25-07-2023, 12:07
    • 450

İstehlakçılara 65,2 milyon manat ƏDV geri qaytarılıb

Ölkədə “ƏDV geri al” layihəsi uğurla tətbiq edilir və iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində müsbət nəticələr verir.

News24.az xəbər verir ki, 2023-cü ilin yanvar-iyun ayları ərzində fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara və göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin 65,2 milyon manatı geri qaytarılıb.

Xatırladaq ki, ƏDV-nin bir hissəsinin geri qaytarılması yeni nəsil nəzarət kassa aparatlarının tətbiqi vasitəsilə mümkündür. Dövlət Vergi Xidməti tərəfindən indiyədək ölkə ərazisində 91 min dən çox belə NKA quraşdırılıb. Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

Bunun nəticəsində cari ilin 6 ayı ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 10,4 milyard manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,5 faiz çoxdur.