İlham Əliyev fərman imzaladı
    • 26-07-2023, 16:06
    • 155

İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

News24.az fərmanın mətnini təqdim edir:

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 858; 2013, № 2, maddə 109, № 3, maddə 254, № 4, maddə 377; 2014, № 2, maddə 117, № 5, maddə 486, № 9, maddələr 1027, 1044, 1048; 2015, № 6, maddə 708, № 8, maddə 917, № 10, maddə 1122; 2016, № 2 (II kitab), maddə 251, № 5, maddə 852, № 8, maddə 1384, № 9, maddə 1464; 2017, № 2, maddə 174, № 4, maddə 564, № 5, maddə 809, № 8, maddələr 1521, 1531; 2018, № 3, maddə 437, № 6, maddə 1242, № 10, maddə 2013, № 11, maddə 2553; 2019, № 1, maddə 61, № 4, maddə 647; 2020, № 8, maddələr 1039, 1044, 1047; 2021, № 8, maddə 919, № 9, maddə 990, № 11, maddə 1217; 2022, № 5, maddə 475, № 10, maddə 1133, № 11, maddə 1264; 2023, № 1, maddə 84, № 2, maddə 245; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 may tarixli 2154 və 2161 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:

1. 5.3-cü bəndə “dəyişdirilməsi” sözündən sonra “, şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıda (çipdə) məlumatların dəyişdirilməsi” sözləri əlavə edilsin.

2. 5.7-ci bənd üzrə:

2.1. birinci abzasda “əməliyyatların” sözü “əməliyyatlar və onların” sözləri ilə əvəz edilsin;

2.2. 5.7.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“5.7.1. daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;”;

2.3. 5.7.3-cü yarımbənd ləğv edilsin;

2.4. 5.7.4-cü yarımbənddən “torpaq üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışın, həmin” sözləri çıxarılsın;

2.5. aşağıdakı məzmunda 5.7.5 – 5.7.15-ci yarımbəndlər əlavə edilsin:

“5.7.5. daşınmaz əmlakın real bazar dəyərinin qiymətləndirilməsinə dair arayışın verilməsi;

5.7.6. daşınmaz əmlakın dövlət reyestrindən əmlakın təsviri və ünvanı barədə məlumatların verilməsi;

5.7.7. daşınmaz əmlak obyektinin (torpaq sahəsinin) sxematik bölgüsünün aparılması və bölgü planının verilməsi;

5.7.8. torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının yerdə (naturada) müəyyən edilməsi;

5.7.9. daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı arxiv arayışlarının, hüquqi və texniki sənədlərin (planların) təsdiq edilmiş surətlərinin verilməsi;

5.7.10. yerquruluşu planının verilməsi;

5.7.11. daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi;

5.7.12. ünvan reyestri məlumat bazasından arayışların verilməsi;

5.7.13. ünvan xəritələrindən çıxarışların verilməsi;

5.7.14. daşınmaz əmlaka dair texniki sənədlərin dublikatının verilməsi;

5.7.15. daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hüquqların qeydiyyatının ləğv edilməsi;”.

3. 5.20.2-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 5.21 – 5.24-cü bəndlər əlavə edilsin:

“5.21. energetika sahəsində xidmətlərin göstərilməsi ilə bağlı:

5.21.1. ixrac məqsədli neft-qaz fəaliyyəti üçün podratçılara və subpodratçılara xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi;

5.21.2. ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı və tranziti üçün icazənin verilməsi;

5.21.3. mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə icazənin verilməsi;

5.21.4. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən güc həddindən yuxarı elektrik enerjisinin istehsalına icazənin verilməsi;

5.21.5. elektrik enerjisinin nəqlinə icazənin verilməsi;

5.21.6. elektrik enerjisinin paylanmasına icazənin verilməsi;

5.21.7. elektrik enerjisinin ixrac və idxal edilməsinə icazənin verilməsi;

5.21.8. qazın istehsalına və təbii qazın emalına icazənin verilməsi;

5.21.9. qazın nəqli üçün icazənin verilməsi;

5.21.10. qazın paylanmasına icazənin verilməsi;

5.21.11. yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarına icazənin verilməsi;

5.21.12. neft və qaz yataqlarının kəşfiyyatına icazənin verilməsi;

5.21.13. neft və qaz yataqlarının işlənməsinə və hasilatına icazənin verilməsi;

5.21.14. neft və neft məhsullarının emalına icazənin verilməsi;

5.21.15. neft və neft məhsullarının boru kəmərləri vasitəsilə nəqlinə icazənin verilməsi;

5.22. təhsil sahəsində xidmətlərin göstərilməsi ilə bağlı:

5.22.1. təhsilalanlara təhsil müəssisələrində təhsil almalarına dair arayışların verilməsi;

5.22.2. sertifikatlaşdırmadan keçmiş təhsilverənlərə sertifikatların verilməsi;

5.23. fövqəladə hallar sahəsində xidmətlərin göstərilməsi ilə bağlı:

5.23.1. təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə çıxarışın verilməsi;

5.23.2. partlayıcı maddələrin və qurğuların, tezalışan maddələrin və pirotexniki məmulatların dövriyyəsinə xüsusi icazənin verilməsi;

5.24. ətraf mühitin mühafizəsi sahəsində xidmətlərin göstərilməsi ilə bağlı:

5.24.1. atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə icazənin verilməsi;

5.24.2. balıqovlama biletinin verilməsi;

5.24.3. ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə ovçuluq biletinin verilməsi, biletin müddətinin uzadılması;

5.24.4. ozondağıdıcı maddələr və tərkibində belə maddələr olan məhsulların dövriyyəsinə xüsusi icazənin verilməsi.”.

4. 6-cı hissəyə “Kənd Təsərrüfatı Nazirliyinə,” sözlərindən sonra “Energetika Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Elm və Təhsil Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə,” sözləri əlavə edilsin.