Elektron siqaretlər zərərlidirmi?   - Pulmonoloq açıqladı
    • 29-07-2023, 17:14
    • 426

Elektron siqaretlər zərərlidirmi?   - Pulmonoloq açıqladı

Son illər ölkəmizdə elektron siqaretlərdən istifadə halları artıb. Bir çox şəxslər onlardan adi siqaretlərdən daha zərərsiz olduğunu düşünərək istifadə edirlər. 

Həkim-pulmonoloq Ramin Nəriman  bu barədə News24az-a danışarkən bildirib ki, əsasən digər siqaretlərdən asılılığı azaltmaq məqsədilə elektron siqaretlərdən istifadə olunur:

"Adi siqaretlərin tərkibində  nikotin qarışıq maddələr var. İddia olunur ki, elektron siqaretlərdə bu çox az bir-iki faizdir. Tütün çəkənlərdə asılılıq yaradan şey nikotindir. Elektron siqaretin istifadəsi üçün nəzərdə tutulmuş mayeni istehsal edən şirkətlər elektron siqaretdə istifadə olunan və sıfırla işarələnən mayenin içərisində nikotin olmadığını iddia edirlər. Amma rəqəmlər artdıqca, məsələn 1, 2, 3, 4 mayenin içərisindəki nikotinin də miqdarı artır.
 
Sıfır nömrəli elektron siqaret üçün nəzərdə tutulmuş mayenində tərkibində belə nikotin var. Ona görə də siqaret çəkməyi dayandırıb elektron siqaretə keçənlər elektron siqaretin istifadəsi zamanı artıq tütün məhsullarına ehtiyac olmadığını deyirlər. Çünki onlar həmin o asılılıq yaradan tütünün içərisində olan nikotini elektron siqaretdə də alırlar. Ona görə də elə fikirləşirlər ki, artıq siqaretdən asılılıqları yoxdur”.

R.Nəriman elektron siqaretin orqanizmə mənfi təsirlərinin olduğunu qeyd edib:

“Elektron siqaretin istifadəsinin tarixi uzunmüddətli deyil. 15-20 ildir ki, istifadə olunur. Ona görə də onun yaratdığı uzunmüddətli təsirlər haqqında hələ tam məlumat yoxdur. İstifadə tarixi artdıqca isə ciddi əlavə təsirlərinin olması üzə çıxmağa başlayıb. Hazırda  dünya ölkələrinin əksəriyyətində elektron siqaretin idxalı qadağandır, ancaq istifadəsi qadağan deyil”.

Həkim sonda elektron siqaretlərin onkoloji xəstəliklər yaratdığını vurğulayıb: “Çox insan bundan xəbərsizdir. Son tədqiqatlar göstərir ki, bir dəfə istifadə olunan elektron siqaretin vurduğu zərər bir qutu siqaretin vurduğu zərərdən daha çoxdur. Bütün hallarda insanları elekton siqaretlərdən istifadə etməməyə çağırıram”.

Günəş Mərd