İsrail müxalifəti məhkəmə islahatlarının 18 ay müddətinə dondurulmasını istəyir
    • 30-07-2023, 20:29
    • 215

İsrail müxalifəti məhkəmə islahatlarının 18 ay müddətinə dondurulmasını istəyir

İsraildə parlament müxalifətinin lideri, “Yeş Atid” partiyasının rəhbəri Yair Lapid hakim koalisiyadan məhkəmə islahatları ilə bağlı qanunvericilik prosesini 18 ay müddətinə dondurmağı tələb edib.

News24.az AZƏRTAC-a istinadən xəbər verir ki, Yair Lapid ölkənin məhkəmə-hüquq sistemində islahatların aparılmasında mübahisəli məsələlərdə kompromis axtarışında müxalifətlə koalisiya arasında növbəti danışıqların yalnız bu halda baş tuta biləcəyini deyib.
“Danışıqlara qayıtmağa imkan verəcək yeganə mümkün həll yolu və yeganə qərar qanun yaradıcılığının dondurulmasıdır. Hökumət və müxalifət birlikdə məhkəmə islahatlarına 18 aylıq moratorium qoymalıdırlar”, - müxalifət lideri tviter səhifəsində belə yazıb.

Hakim koalisiyaya rəhbərlik edən “Likud” partiyasından buna cavab olaraq bildiriblər ki, Yair Lapid özü 2022-ci ildə İsrailin baş naziri olarkən heç bir şərt qoymadan Fələstin lideri Mahmud Abbasla danışıqlara hazır olduğunu bəyan etmişdi. İndi o, İsrail daxilində siyasi opponentlərlə müzakirələr üçün tələblərin tam siyahısını irəli sürür. Hakim partiya Lapidi dərhal danışıqlara başlamağa çağırıb.

İsraildə qalmaqallı məhkəmə islahatlarına qarşı çıxanların fikrincə, Nazirlər Kabinetinin təklif etdiyi qanun layihəsi dövlətin demokratik əsaslarını sarsıdır. Binyamin Netanyahunun rəhbərlik etdiyi hökumət isə əksinə, hesab edir ki, məhkəmə islahatları ölkədə siyasi sistemi daha da demokratikləşdirir.