Doğransa da, dilim dilim... - Anam dilim ölən deyil!
    • 1-08-2023, 17:34
    • 243

Doğransa da, dilim dilim... - Anam dilim ölən deyil!

"Azərbaycan əlifbası və Azərbaycan dili günü artıq bizim bayram günlərinin içərisində özünə layiq olan yeri tutub və bunun üçün də biz ümummilli liderimiz, ulu öndər Heydər Əliyevə minnətdarıq. Onun dil ilə bağlı ən böyük işlərdən biri Azərbaycanda Azərbaycan dilinin dövlət dili olaraq təsbit olunmasıdır. Azərbaycan əlifbası ilə bağlı məsələlər bizim üçün tale əhəmiyyətli məsələlər olub".

Bu sözləri News24.az-a 1 Avqust Azərbaycan əlifbası və Azərbaycan dili günü ilə bağlı danışarkən Milli Məclisin deputatı Nizami Cəfərov dedi.

O, bildirdi ki, vaxtilə Kiril qrafikalı Azərbaycan əlifbasından Latın qrafikalı əlifbaya keçid zamanı bir xeyli problemlər müşayiət olunub:

"Birinci problem əlifbanın özünün nə şəkildə olması idi. Orta nəslin yadındadır ki, bütün 90-cı illər boyu Azərbaycan əlifbasında hərflərin görünüşündə müəyyən dəyişikliklər aparıldı. Başqa bir məsələ isə əlifbanın  necə mənimsənilməsi idi. Çünki əlifbanı mənimsəmək üçün cəmiyyət  müəyyən problemlərlə qarşılaşırdı. Gənc nəsil, yaşlı nəsil fərqli şəkildə reaksiya verirdilər. Buna görə də ümummilli lider hakimiyyətə gələndən sonra ikinci dəfə Azərbaycanda bu məsələni çox təmkinlə, yüksək mədəniyyətlə həll eləməyin əsaslarını müəyyənləşdirdi". 

Millət vəkili dedi ki,  90-cı  illərin əvvəllərində qəbul olunmuş latın əlifbasına ümumi kütləvi şəkildə birdən birə keçilmədi. Bu proses  təxminən 10 il davam etdi:

" Azərbaycan dilinin ən ciddi problemlərindən biri yenə sosial-siyasi problemdir. Yəni Azərbaycan xalqının əhalisinin, azərbaycanlıların böyük bir hissəsi, Cənubi Azərbaycanda yaşayır ki, onların nə məktəbləri var, nə də normal mətbuatı var. Bu da dilin inkişafına mane olur. Ona görə də Cənubi Azərbaycanda Azərbaycan ədəbi dili xeyli dərəcədə  dialektləşib. Yəni adi xalq danışıq dilinin müxtəlif şivələrinin təsiri altındadır. Bu ədəbi dilin inkişafı üçün, əlbəttə, çox böyük bir qüsurdur. Amma təbii ki, Azərbaycanda bir ədəbi dil var. Şimalda işlənən, buna da Şimali Azərbaycan ədəbi dili demək olmaz. Bu, elə Cənubi Azərbaycanın da ədəbi dilidir, çünki bu ədəbi dilin yaranmasında cənub həmişə iştirak edib. Ona görə də bu ədəbi dil hamımızındır, amma cənubda bunun təbliği və inkişafı üçün şərait demək olar ki, yoxdur".

Mövzu ilə bağlı danışan millət vəkili Ceyhun Məmmədov dedi ki, milli-mənəvi dəyərlərimizin qorunmasında və inkişafında ana dilimizin rolu böyükdür. 


“Dilimiz xalqımızın keçdiyi bütün tarixi mərhələləri keçərək onunla eyni taleyi yaşayıb müasir dövrə gəlib çatan ən böyük mənəvi sərvətlərimizdəndir. Dilimizin keçdiyi çətin dövrlərdən biri də SSRİ dövrü idi. SSRİ Konstitusiyası qəbul edildikdən sonra milli dillərin sıxışdırılması üçün daha ciddi tədbirlər görülməyə başladı. O dövrün çətinliklərinə baxmayaraq öz xalqını, millətini böyük məhəbbətlə sevən ümumilli lider Heydər Əliyev ötən əsrin 70-ci illərində ana dilinə dövlət dili statusunun verilməsi uğrunda cəsarətlə və qətiyyətlə mübarizə aparmağa başladı. Ulu Öndər məqsədinə çatmaq üçün Konstitusiya layihəsinə Azərbaycan dilinin dövlət dili olması barədə maddənin salınmasına çalışırdı. Heydər Əliyev ziyalıları da mübarizəyə cəlb edərək bu prosesi daha da gücləndirdi. 1978-ci ildə Azərbaycan SSR Ali Sovetinin VII sessiyasında Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycan Respublikası Konstitusiya layihəsinin 73-cü maddəsinə belə bir təklif olundu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Nəticədə bu məsələ Azərbaycan SSR Konstitusiyasında öz əksini tapdı. Bununla da Azərbaycan dili dövlət dili statusunu aldı. Azərbaycan dilinin davamlı inkişafı, ana dilində nəşr edilən kitabların sayının artması, Ulu Öndər Heydər Əliyev tərəfindən dilimizin inkişafı istiqamətində digər həyata keçirilən tədbirlər xalqımızın müstəqillik düşüncələrini daha da gücləndirmiş oldu”.

Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın dövlət rəhbəri seçiləndən  sonra 1995-ci ildə referendumla qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində dövlət dilimizin Azərbaycan dili olması öz əksini tapdı.

Deputat qeyd etdi ki, dövlətimiz tərəfindən Azərbaycan dilinin inkişafı və qorunması sahəsində mühüm işlər görülür.

“2001-ci ildə Ulu Öndər Heydər Əliyev “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzaladı. Bu fərman dilimizin inkişafı və tətbiqində yaranan problemlərin aradan qaldırılmasında xüsusi rol oynadı.

Həmin fərmanda nəzərdə tutulan digər mühüm məsələ Dövlət Dil Komissiyasının yaradılması idi. Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyev 2004-cü ildə “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” verdiyi sərəncamlarla elmin və mədəniyyətin inkişafına xüsusi diqqət göstərdiyini bir daha təsdiqləmiş oldu. Qeyd etmək lazımdır ki, müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının qorunması baxımından mühüm tarixi hadisədir”, - deyə C.Məmmədov fikrini yekunlaşdırdı.

Aydan Beydullayeva