Quru sərhədləri niyə AÇILMIR? - Ən azından tələbələr...
    • 3-08-2023, 19:03
    • 639

Quru sərhədləri niyə AÇILMIR? - Ən azından tələbələr...

2020-ci ildən, daha doğrusu COVID-19 pandemiyası başlanan gündən Nazirlər Kabineti yanında Operativ Qərargah quru sərhədlərinin bağlanması barədə qərar verib. Təbii ki, ölkə üçün vətəndaşların sağlamlığı önəmli faktordur, amma və lakin bu qadağanın xüsusən də övladı sərhədyanı ölkələrdə təhsil alan vətəndaşlarımıza maddi ziyanı da böyükdür. 

Nədən ki, qərar səbəbindən vətəndaşlar məcbur olub təyyarə bileti alır. Bu da orta statistik ailənin büdcəsini "silkələyir". Rəsmi statistikaya əsasən, Azərbaycandan kənarda 42 min gənc təhsil alır. Onlar isə üç qrupa bölünür: birinci qrupa qəbul imtahanında yetərli bal toplamayıb təhsil almaqda israrlı olanlar, ikinciyə isə dövlət proqramının iştirakçıları daxildir. Üçüncü qrup tələbələr isə dövlətlərarası müqavilənin hüquqi təsiri altına düşənlərdir.
Mövzu ilə bağlı News24.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov quru sərhədlərin hələ də bağlı qalmasını ölkənin təhlükəsizliklə əlaqələndirdi.

Onun qənaətincə, quru sərhədlərimizdən keçidə icazə verilməsi bizim üçün müəyyən problemlər yarada bilər. Buna görə də indiki məqamda sərhədlərin bağlı saxlanılması çox doğru bir qərardır. O həmçinin COVID-19 təhlükəsinin davam etdiyini xatırlatdı:

"Düşünürəm ki, bu məsələdə biz yalnız pandemiyanı yox, həm də təhlükəsizliyimizi də nəzərə almalıyıq. Çünki bu gün regionda çox ciddi proseslər gedir, gərginlik var. Bu gün heç də bütün ölkələr sərhədləri açmayıb. Həm də pandemiyanın qayıdıb-qayıtmayacağı ilə bağlı müəyyən fikirlər var. Təhlükəsizlik məsələsi çox önəmli olduğu üçün biz həm də bu cəhətdən özümüzü qorumalıyıq. Sərhədlərin tam açılması bizim üçün həm müəyyən problemlər, həm də təhlükəsizliklə bağlı müəyyən narahatlıq yarada bilər.  Bir müddət gözləməliyik ki, həm pandemiya, həm də insanları təhlükəsizliklə bağlı narahat edən məqamlar aradan qalxsın".

Təhsil eksperti Kamran Əsədov isə bildirdi ki, Operativ Qəragahın quru sərhədlərin açılmaması ilə bağlı qərarından xaricdə təhsil alan tələbələr ciddi çətinlik çəkir. Bu məsələni daha da qəlizləşdirən təyyarə biletlərinin qiymətləridir:

"Hər tədris ilinin başlanğıcında tələbələr təhsil aldıqları ölkəyə getməlidirlər. Lakin quru sərhədlər bağlı olduğundan bunun çox vəsait xərcləməli olur. Yay fəsli həm də turist mövsümü olduğundan aviaşirkətlər biletlərə kifayət qədər yüskək qiymət təyin edir. Hesab edirəm ki, quru sərhədləri ən azından tələbələr üçün açılmalıdır. Onların bağlı olması ailə büdcəsinə çox böyük maddi ziyan vurur. Təkcə Türkiyəyə sentyabr ayı üçün təyyarə biletlərinin qiyməti 400-500 manatdır.  Hesab edirəm ki, ən azı tələbələrin ildə bir dəfə quru sərhədini keçməsini təmin edəcək qərar qəbul edilməlidir. Bu, onlar üçün əhəmiyyətli maliyyə dəstəyi ola bilər".

Fərid Azəri