Putin hərbi xidmət yaşını artırdı
    • 4-08-2023, 18:11
    • 394

Putin hərbi xidmət yaşını artırdı

Ukraynanın işğalında istənilən nəticələrin əldə olunmaması Kreml administrasiyasını alternativ tədbirlərə sövq edib.

News24.az
"Haber7"-ə istinadla xəbər verir ki, son tədbirlərdən birinə görə, rus kişiləri üçün hərbi xidmətin yuxarı yaş həddi artırılıb.

Rusiya prezidenti Vladimir Putinin təsdiq etdiyi qərara görə; Rusiyada hərbi xidmətə çağırış yaşı 27-dən 30-a qaldırılıb, 18-30 yaşlı vətəndaşlar artıq hərbi xidmətə çağrıla bilərlər. Qərar 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Putinin təsdiq etdiyi digər qərarlara görə, Rusiyada çağırışçıların xaricə getməsi qadağandır, Rosqvardiya isə bundan sonra ağır hərbi texnika əldə edib istifadə edə biləcək.

Rusiya Fövqəladə Hallar Nazirliyi və müxtəlif təhlükəsizlik bölmələrinə də pilotsuz uçuş aparatlarını vurmaq səlahiyyəti verilib.

Rusiyada hərbi yaşda olan bütün kişilər bir il müddətində məcburi hərbi xidmət keçməlidirlər.

2022-ci il fevralın 24-də başlayan Ukrayna işğalı Rusiyanın istədiyi kimi getmir və Kreml itkiləri açıqlamaqdan çəkinir. Keçən ilin payızında Kreml 300 min əsgərin səfərbər ediləcəyini elan edəndə on minlərlə insan Rusiyanı tərk etmişdi.

Yeni qanuna əsasən, rusiyalı kişilər səfərbərlik şəhadətnaməsi verildikdən sonra ölkəni tərk edə bilməzlər.

Aydan