Rusiya - Çin sərhədində gərginlik:
    • 5-08-2023, 11:03
    • 91

Rusiya - Çin sərhədində gərginlik: "ÇİNLİLƏRƏ QADAĞA QOYULDU"

Çinin Rusiyadakı səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə, Federal Təhlükəsizlik Xidmətinə və Rusiya sərhəd xidmətinə Rusiya hüquq-mühafizə orqanlarının “kobud” hərəkətləri barədə məlumat verib, buna görə beş Çin vətəndaşının Rusiyaya girişinə qadağa qoyulub.
 
News24.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. 

Məlumata görə, diplomatların bəyanatı “WeChat” sosial şəbəkəsində dərc olunub.

Səfirlik bildirib ki, iyulun 29-da beş çinli Qazaxıstandan Rusiyaya daxil olmağa cəhd edib. 

İki ölkənin sərhədində, Karauzek keçid məntəqəsində (Həştərxan vilayəti) onlar “dörd saat sorğu-sual edilib” və daha sonra Rusiyaya girişlərinə qadağa qoyulub. Diplomatik nümayəndəliyin məlumatına görə, onların turist vizaları ləğv edilib.

Çinli diplomatlar hadisə iştirakçılarının təqdim etdiyi videonu öyrəndiklərini və daha sonra Rusiya hakimiyyət orqanlarına müraciət etdiklərini bildiriblər. Onlar qeyd ediblər ki, Rusiya sərhədçilərinin hərəkətləri “Çin vətəndaşlarının qanuni hüquq və maraqlarını ciddi şəkildə pozur”.

Bununla əlaqədar, səfirlik Rusiyadan hadisənin səbəbini izah etməyi, “mənfi təsirin aradan qaldırılması və gələcəkdə oxşar hadisələrin təkrarlanmaması üçün aktiv tədbirlər görülməsini” tələb edib. Çin diplomatları həmçinin sərhəd rəsmilərindən “həddindən artıq sərt davranan hüquq-mühafizə orqanlarının əməkdaşlarını əlavə araşdırmağı” və Pekinə “qənaətbəxş cavab” vermələrini xahiş ediblər.
 
Rusiya tərəfi hələlik vəziyyətə münasibət bildirməyib.

Arzu