Sabunçunun icra başçısı Adil Vəliyevin Əvəz Zeynallı ilə ŞOK SÖVDƏLƏŞMƏSİ - EKSKLÜZİV
    • 7-08-2023, 11:45
    • 5 802

Sabunçunun icra başçısı Adil Vəliyevin Əvəz Zeynallı ilə ŞOK SÖVDƏLƏŞMƏSİ - EKSKLÜZİV

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq və digər ağır cinayətlərdə təqsirləndirilən, “Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı və "Səda TV" MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun barəsində olan cinayət işi iə bağlı maraqlı faktlar meydana çıxıb. Belə ki, Əvəz Zeynallının Sabunçu rayon icra başçısı Adil Vəliyevlə sövdələşməsi məlum olub. 

News24.az-ın məlumatına görə, bu barədə Əvəz Zeynallı barəsindəki cinayət işinin ittiham aktında göstərilib. 

Bildirilir ki, dostu Elnur Şükürov Ə.Zeynallıya 2022-ci il fevral ayının əvvəllərində tanışı Vəliyev Ruslan Telman oğlunun Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsi döngə 2 ev 17 ünvanında yerləşən evinin qarşısında iaşə obyekti - mağaza tikmək üçün rayon icra hakimiyyətindən icazənin alınmasında köməklik göstərməsini xahiş edib. O, tikinti aparılacaq ərazinin fotoşəkilini, habelə Telman Vəliyev haqqında məlumatları “Whatsaap”la Ə. Zeynalova göndərib. 

Ə. Zeynalov E. Şükürova bildirib ki, etdiyi tənqidi çıxışlarına görə çoxsaylı rəhbər şəxslər onun sözünü eşidir, bu əsasla da istədikləri razılığı ala biləcək. O bunun üçün Ruslan Vəliyevdən 7.000 (yeddi min) manat pul vəsaiti tələb edib. 

Özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edən Elnur Şükürov onun tapşırığı əsasında və hazırladıqları cinayətkar plana uyğun olaraq 2022-ci ilin fevral ayının ortalarında tanışı Ruslan Vəliyevlə əlaqə saxlayaraq iaşə obyektinin tikintisi üçün Sabunçu rayon İcra hakimiyyətinin başçısı Adil Vəliyevdən razılıq alındığını, bunun üçün vəzifəli şəxslərə 7.000 (yeddi min) manat pul vəsaitinin verilməli olduğunu bildirib.

Ruslan Vəliyev isə bu təkliflə razılaşıb. Ə. Zeynallı pul vəsaitindən Adil Vəliyevə verməyib, tanışlıq münasibətlərindən istifadə edərək 2022-ci ilin fevral ayının əvvəllərində Bakı şəhəri Sabunçu rayon icra hakimiyyətinin başçısının istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək Telman Vəliyevin onun qohumu olmasını və ona Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsi döngə 2 ev 17 ünvanında yerləşən evinin qarşısında iaşə obyekti-mağaza tikintisinin aparılması üçün hər hansı sənədləşmə aparılmadan qanunsuz icazə verməsini xahiş edib. 

Razılaşmadan sonra Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsi döngə 2 ev 17 ünvanında yerləşən torpaq sahəsində iaşə obyekti – mağazanın tikintisinə maneə olunmamasına görə Sabunçu qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hüseynov Vüsal Hüseyn oğluna tapşırıq verilib və nəticədə tikinti 2022-ci ilin fevral ayının sonlarında başa çatdırılıb. 

Elnur Şükürov Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsi döngə 2 ev 17 ünvanının yaxınlığında Ruslan Vəliyevlə görüşərək sonuncudan 7.000 (yeddi min) manat məbləğində pul vəsaitini alıb və onu Ə.Zeynallı ilə aralarında bölüşüb.

Bununla da, Zeynalov Əvəz Tapdıq oğlu Şükürov Elnur Zakir oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Vəliyev Ruslan Telman oğlunun 7.000 (yeddi min) manat pul vəsaitini rüşvət qismində  qulluq mövqeyindən istifdə etməklə ələ keçirib.

Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, istintaq zamanı Ə.Zeynallının ayrı-ayrı şəxslərdən hədə-qorxu gəlməklə, təkrar və külli miqdarda rüşvət almasına, habelə Elnur Şükürovla qabaqcadan əlbir olaraq vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almaları, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələri, eləcə də, digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Odur ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham elan edilib.

Samir Əli