Əvəz Zeynallının Zakir Fərəcovla telefon danışığı ortaya ÇIXDI-VİDEO
    • 4-08-2023, 18:44
    • 28 802

Əvəz Zeynallının Zakir Fərəcovla telefon danışığı ortaya ÇIXDI-VİDEO

“Xural TV! kanalının təsisçisi, hazırda həbsdə olan Əvəz Zeynallı Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla danışaraq onun qərarına təsir edib. 

News24.az-ın məlumatına görə, bu barədə Ə.Zeynallının cinayət işi ilə bağlı ittiham aktında qeyd edilib. 

Bildirilir ki, dostu Şükürov Elnur Zakir oğlu Əvəz Zeynallıya 2022-ci ilin yanvar ayında Sumqayıt şəhəri, 29-cu məhəllə, ev 17/18, mənzil 25-in arxa tərəfində olan boş torpaq sahəsinin tanışı Rəhimov Teymur Sabir oğlunun qohumu Cəfərova Nəzakət Səməd qızının xeyrinə özəlləşdirilərək, orada iaşə obyekti-mağaza tikilməsi üçün şəhər icra hakimiyyətindən müvafiq icazənin alınmasında köməklik göstərməsi ilə bağlı xahişini çatdırıb. Həmçinin “WhatsApp” mobil telefon tətbiqi vasitəsilə tikinti aparılacaq ərazinin fotoşəklini 30 yanvar 2022-ci il tarixdə ona göndərib. Daha sonra Teymur Rəhimov tərəfindən Nəzakət Cəfərovadan 9 noyabr 2021-ci il tarixdə alınmış 7000 manat, 11 noyabr 2021-ci il tarixdə alınmış 70 manat olmaqla cəmi 7070 manat məbləğində pulun həmin məsələnin həll olunması müqabilində aralarında böləcəklərini vəd edib. 

O, Teymur Rəhimov vasitəsi ilə 2022-ci ilin fevral ayında Sumqayıt şəhəri, 29-cu məhəllə, ev 17/18, 25 saylı mənzilin giriş qapısı qarşısında Nəzakət Cəfərovadan əlavə olaraq 4.000 manat məbləğində pul alıb.

Ə. Zeynallı 2022-ci ilin fevral-mart aylarında tanışı olan vəzifəli şəxs vasitəsilə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovla əlaqə yaradıb Nəzakət Cəfərovanı qohumu kimi təqdim edib, sonuncunun yaşadığı Sumqayıt şəhəri, 29-cu məhəllə, ev 17/18, 25 saylı mənzilin arxa tərəfində olan boş torpaq sahəsinin özəlləşdirilərək iaşə obyekti tikilməsinə icazə verilməsini xahiş edib.

Daha sonra Nəzakət Cəfərovaya qərarın icrası ilə bağlı tələb olunan həmin sənədlərin hazır olduğunu, Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsindən götürməsini bildirib.

N.Cəfərova 2022-ci ilin mart ayında Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsinə gedərək həmin mənzilin təyinatının dəyişdirilərək qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı 17.03.2022-ci il tarixli 124 nömrəli sərəncamı və layihə sənədlərini əldə edib.

Bununla da, Ə.Zeynallı T. Rəhimov və E.Şükürovla qabaqcadan əlbir olaraq vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə 11070 manat məbləğində pulu Cəfərova Nəzakət Səməd qızından almaqla nüfuz alveri cinayətini törədib.

Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, istintaq zamanı Ə.Zeynallının ayrı-ayrı şəxslərdən hədə-qorxu gəlməklə, təkrar və külli miqdarda rüşvət almasına, habelə Elnur Şükürovla qabaqcadan əlbir olaraq vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almaları, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələri, eləcə də, digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Odur ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham elan edilib.

Samir Əli