Həyat yoldaşının qətlini sifariş verən qadın hakim qarşısına ÇIXARILDI
    • 7-08-2023, 13:10
    • 664

Həyat yoldaşının qətlini sifariş verən qadın hakim qarşısına ÇIXARILDI

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda sifarişlə qətl törədən mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

News24.az-ın məlumatına görə, hakim Səyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, təqsirləndirilən şəxslərdən 3 nəfərə təyin olunan vəkillər prosesə gəlməyib.

Təqsirləndirilən şəxs Əzizə Seyidovanın vəkili bildirib ki, iş üzrə təqsirləndirilən şəxslər ağır maddələrlə ittiham olunur. Ona görə də həmin şəxslərin müdafiə tərəfinin iştirakı olmadan prosesin keçirilməsi düzgün deyil. 

Hakim bu məqsədlə məhkəmə prosesini avqustun 11-nə təyin edib. 

İttihama görə, hadisə bu il  martın 16-da Sabunçu rayonunda baş verib. Həmin gün 00:05 radələrində 1993-cü il təvəllüdlü Əli Seyidlinin yaşadığı fərdi yaşayış evinin qarşısında öldürülməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin zərərçəkmişin arvadı 2000-ci il təvəllüdlü Əzizə Seyidovanın təşkilatçılığı ilə 1981-ci il təvəllüdlü Mehdi Məmmədov, 1988-ci il təvəllüdlü Elnur Əliyev və 1995-ci il təvəllüdlü Bəxtiyar Fərzəliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında cinayətin Əli Seyidlinin arvadı Əzizə Seyidovanın sifarişi əsasında Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyev tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Əzizə Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin Məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Samir Əli