"Övladlarıma işgəncə verib təhqir edirdi" - Anasını öldürən şagirdin atası danışdı
    • 8-08-2023, 12:53
    • 982

"Övladlarıma işgəncə verib təhqir edirdi" - Anasını öldürən şagirdin atası danışdı

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən 2007-ci il təvəllüdlü Ziya Mansurovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

News24.az-ın məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən təqsirləndirilən Faiq Mansurov bildirib ki, həyat yoldaşı övladlarına işgəncə verdiyi üçün oğlu onu qətlə yetirib: "Yoldaşım əsəbi idi. Övladlarıma və mənə təhqiredici sözlər deyirdi. Qadına yaraşmayan hərəkətlər edirdi. Uşaqlarım deyirdi ki, yola getmirik, ayrıl ondan. El qınağına görə ayrılmırdım. Uşaqlıqdan onlara zülm edirdi. Bir dəfə də məni bıçaqla ayağımdan vurmuşdu. Uşaqları oxlovla döyürdü, küçə söyüşləri ilə təhqir edirdi.  

Hadisə günü qızım zəng vurdu ki, özünü çatdır Ziya anamı öldürdü. Təcili yardım çağırdım. Artıq gec idi. Hadisəni törədəndə oğlumun 15 yaşı var idi". 

Şahid bildirib ki hadisə telefon üstündə olub: "Hadisə günü anası Ziyaya deyib ki, gəl telefonuma telegram yüklə. Ziya da dostları ilə onlayn oyun oynayırmış. Deyib oyunu qurtarım, gəlirəm. O da Ziyanı küçə söyüşləri ilə təhqir edib. Bu təhqiri də Ziyanın oyun oynadığı yoldaşları eşidib. Ziya da bıçağı götürüb onu öldürüb". 

Prosesdə ifadə verən təqsirləndirilən şəxsin bacısı Nigar Mansurova bildirib ki, anası hər gün işdə olub: "Bizimlə heç bir problemi yox idi. Ancaq qardaşımla problem yaşayırdı. Atamla da münaqişələri olurdu. 

Hadisədən bir ay əvvəl Ziya ilə münaqişəsi oldu. Evə qonaq gələndə onun yanında Ziyanı tərbiyəsiz söyüşlərlə təhqir etdi. Hadisə günü biz evdə yatmışdıq. Anamla qardaşım dalaşa-dalaşa içəri girdi. Ziyanın əlində bıçaq var idi. Elə bildim bizim üstümüzə gəlir. Bacım Nərminəni götürüb qaçdım evin zalına, qapını bağladıq. Ziya bizi hədələdi ki, çölə çıxmayın. Bir müddətdən sonra gördüm səs kəsildi. Bildim ki anamı öldürdü. Getdim gördüm ki anam otaqda qan içindədir. Dedim bəlkə yaşamaq şansı ola, gördüm yox, artıq keçinib". 

Proses avqustun 22- də davam edəcək. 

Xatırladaq ki, bu il fevralın 10-da paytaxtın Xətai rayonu ərazisində 1977-ci il təvəllüdlü Solmaz Mansurovanın intihar etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Prokurorluq əməkdaşları tərəfindən aparılmış istintaq tədbirləri nəticəsində hadisənin intihar deyil, qəsdən adam öldürmə olması aşkarlanıb. 

Belə ki, 2007-ci il təvəllüdlü Ziya Mansurov həmin gün anası Solmaz Mansurovanı yaşadıqları mənzildə öldürməsi müəyyən edilib. 

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 

Qeyd edək ki, Ziya Mansurov cinayəti törədən zaman məktəbli olub.

Samir Əli