Hadisələrin gedişi göstərir ki, icra hakimiyyətləri özünü doğrultmadı - DEPUTAT
    • 8-08-2023, 19:01
    • 855

Hadisələrin gedişi göstərir ki, icra hakimiyyətləri özünü doğrultmadı - DEPUTAT

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyatlar nəticəsində bir sıra yüksək vəzifəli məmur həbs edildi. Belə ki, Cəlilabad Rayon Bələdiyyə və Bələdiyyələr Şurasının sədri Mehdi Kərimov və Cəlilabad Rayon İrca Hakimiyyətinin baş memarı Sahil Qənbərli, Tərtər rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri – baş memar Tofiq Kərimov saxlanıldı. Təəssüf ki, bu, Azərbaycanda icra hakimiyyətlərində çalışanların həbs olunması ilə bağlı kifayət qədər faktlar var.

Rüşvətxorluğa görə həbs edilən, əmlakları müsadirə edilən yüksək vəzifəli məmurlar digərləri üçün üçün bir siqnal olmalıdır. Lakin əksinə, bu həbslərin sayı günbəgün artır. Dövlətin etibar edib vəzifə həvalə etdiyi şəxslərin əksəriyyəti öncə xalqın yaralarına məlhəm olacaqlarına söz versələr də, bir müddət sonra  rüşvət “xəstəliyi”nə yoluxurlar. 

Son günlər sosial şəbəkələrdə 4 ildir Xaçmaza rəhbərlik edən və dövlətdən ayda cəmi 1045 manat əməkhaqqı alan Elnur Rzayevin yarım milyonluq avtomobil alması, bu qədər sərvətə necə yiyələnməsi, təzə maşına aldığı dövlət qeydiyyat nömrəsinin çox baha olması geniş müzakirə edilir. İcra başçılarının kəhkaşanlı həyat tərzi sürməsi, villalarda yaşaması, dəyəri yüz minlərlə ölçülən bahalı avtomobillər sürməsi ilə aldıqları aylıq məvacibləri müqayisə edəndə gülünc vəziyyət yaranır. Təbii ki, onlar bu qədər mal-mülkü dövlətin təyin etdiyi rəsmi maaşla əldə edə bilməzlər.

Son illər Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) icra hakimiyyətlərində apardığı əməliyyatlar da bunun bariz nümunəsidir. DTX-nin əməliyyatları fonunda, bir neçə icra başçısının korrupsiya, rüşvət və digər qanunsuz əməllərə görə həbs edilməsi sözügedən idarəçilik sisteminin effektiv olmadığını göstərir. Həmçinin bu idarəetmə strukturunun səmərəsiz olduğu, korrupsiya və rüşvətxorluğa şərait yaratdığı bildirilib.

Bəzi icra başçıları vəzifə səlahiyyətlərindən sui-istifadə edir. Onların əlindən “cana doyan” xalq da sözügedən hakimiyyət orqanlarının fəaliyyətindən yaxud da fəaliyyətsizliyindən narazıdır. İcra hakimiyyətlərinin ləğv edilməsi zaman-zaman ölkə gündəminin əsas müzakirə mövzularından biri olub.

Qeyd etməliyik ki, işğaldan azad olunmuş ərazilərdə bu təyinatların başlanması heç də təsadüfi deyil.  İşğaldan azad edilmiş torpaqlarda Prezidentin xüsusi nümayəndələri fəaliyyət göstərir. Belə ki, Prezidentin Qarabağ (Şuşa istisna olmaqla) və Şərqi Zəngəzura aid rayonlarda xüsusi nümayəndələri var. Bu praktika daha sonra Naxçıvan Muxtar Respublikasına tətbiq edildi və ilk dəfə olaraq Naxçıvana Prezidentin xüsusi nümayəndəsi təyin edildi.

Ölkə başçısının da qeyd etdiyi kimi, bu modelə keçid tədricən aparılır və əsas diqqət isə tamamilə yeni modelin tətbiqidir.

Prezident İlham Əliyev bu strukturlara korrupsiyadan kənar, yeni təfəkkürlü kadrların gəlməsində maraqlı olduğuna eyham vurdu. Bu isə o deməkdir ki, Prezident yeni modeldə gənclərə üstünlük vermək niyyətindədir. Bu barədə ölkə başçısı da əvvəlki çıxışlarının birində mövcud regional idarəçilik modelinin çatışamayan tərəflərinə diqqət çəkdi: “Bu, idarəçilik sistemi Sovet İttifaqının çökməsindən sonra yaradılıb. Hesab edirəm ki, bu, o qədər də hərtərəfli düşünülməyib. İnidiyə qədər 10-dan çox regional rəhbər şəxslər rüşvət, səhv idarəçilik və digər yanlış hərəkətlərə görə həbs olunublar. Təəssüf ki, bu sahə korrupsiya ilə çirklənib”. 

Mövzu ilə bağlı News24.az-a danışan deputat Fəzail Ağamalı bildirdi ki, hadisələrin gedişi icra hakimiyyətləri özünü doğrultmad:

“Bəlkə də bu, əvvəllər mümkün idi. Lakin artıq cəmiyyət inkişaf edir və Azərbaycan dövləti yeni inkişaf mərhələsinə daxil olub və sözügedən köhnə idarəetmə sisteminin bir elementi olan rayon icra hakimiyyəti müasir çağırışlara cavab vermir. Onun dəyişilməsi, yeni idarəetmə sisteminə keçidi zəruridir, qaçınılmazdır. Təsadüfi deyil ki, ölkə başçısı ayrı-ayrı rayonlar və bölgələr üzrə öz səlahiyyətli nümayndələrini təyin edib. Onlara xüsusi status verilib. Sözügedən şəxslər daha ciddi səlahiyyətlərə malikdir, həmçinin ciddi də iş görürlər, nəinki rayon icra hakimləri. Hələlik referandumun keçiriləcəyi vaxt bəlli deyil. bunun üçün konstitusonal dəyişikliklərə ehtiyac var. Bu gün gündəlikdə bu məsələ yoxdur. Rəsmi şəkildə məlumat yayılmayıb. Ancaq bu, çox da uzaq olmayan gələcəkdə baş verəcək”. 
Deputatın sözlərinə görə, korrupsiya və rüşvətxorluq təkcə İcra Hakimiyyəti Orqanlarında baş vermir. 

“Biz buna nazirliklərdə, komitələrdə və digər dövlət strukturlarında rüşvətə yol verənlər və işin öhdəsindən gələ bilməyənlər cəzalandırılır, işdən kənarlaşdırılır. Tərtərdə və Cəlilabadda keçirilən əməliyyatlar da bu istiqamətdə keçirilən əməliyyatlardandır. Bunu yalnız İcra Hakimiyyəti Orqanları ilə ümumiləşdirmək, icra başçılarını günahlandırmaq hesab edirəm ki, ədalətli deyil. Hər kəs konkret əməlinə və əməyinə görə, cəmiyyət tərəfindən qiymətləndirməlidir”, - deyə F.Ağamalı fikrini yekunlaşdırdı. 

Arzu