19 yüksək vəzifəli şəxsin MƏHKƏMƏ PROSESİ - ÖZƏL
    • 10-08-2023, 16:07
    • 2 932

19 yüksək vəzifəli şəxsin MƏHKƏMƏ PROSESİ - ÖZƏL

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda rüşvət almaqda təqsirləndirilən 19 nəfər yüksək vəzifəli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

News24.az-ın məlumatına görə, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran şəhər şöbəsinin Sabiq müdiri Pərviz Ələkbərov vəsatətlə çıxış edib.  O bildirib ki hazırda səhhətində ciddi problem var:

"Mən məhkəmə istintaqından yayınmamışam, cəmiyyət üçün təhlükəli deyiləm. Himayəmdə azyaşlı körpəm var, xəstə atam var, ailənin yeganə qazanc gətirən adamı mənəm. Mən də həbsdə qaldıqca ailə üzvlərimin vəziyyəti, dolanacağı pisləşir. İbtidai istintaq dövründə də həmişə istintaqa vaxtında gəlmişəm, istintaqdan yayınmaq fikrim olmayıb. Bu gün də istintaqdan da yayınmaq fikrim yoxdu. İş üzrə də mənə aid olan şahidlərin hamısının ifadələri alınıb. Mənim şahidlərə də təsir göstərə bilmək imkanım yoxdur, təsir göstərməyi isə mənasızdır. Hazırda vəziyyətim ağırdır, təcridxana şəraitində müalicələrim nəticə vermir. İttihamda da özümü təqsirli bilmirəm. Ona görə də xahiş edirəm məni ev dustaqlığına buraxasınız". 

Məhkəmə müşavirəyə yollanıb. Müşavirədən sonra Pərviz Ələkbərovun vəsatəti rədd edilib. 

Prosesdə ifadə verən Əmlak Məsəlləri Dövlət Xidmətinin Beyləqan ərazi şöbəsinin müdiri olmuş Elsevər Paşayev bildirib ki, ittihamlarla razı deyiləm:

"Mən heç bir şəxslə birləşib heç kimdən rüşvət almamışam. Mənə torpağa rəy almaq üçün pul verdilər ki, apar bunu xidmətə ver. Mən də gəldim İldırım müəllimin yanına ki, mənə kömək elə. O kömək elədi mən də ona hörmət elədim. Daha sonra dostum 4 hektar torpaq sahəsinə rəy almaq üçün məndən kömək istədi. 300 manat da pul verdi ki, rəyi alan adama hörmət elə. Onu da İldırım müəllimdən xahiş elədim, dedi kömək edərəm. Ümumi 7 məsələ ilə bağlı İldırım Məmmədovdan kömək istəmişəm. O da hamısına kömək edib, hörmət eləmişəm. İldırım Məmmədov məndən konkret pul ostəməyib. Mən özüm hörmət etmişəm. Mən də heç kimdən pul istəməmişəm, özləri gətirib verib. İyunun 1-də Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməldaşları tərəfindən saxlanılmışam, 10 saat orada qalmışam. 10 saat müddətində ifadə vermişəm". 

Digər təqsirləndirilən şəxs Sumqayıt bələdiyyəsinin icra aparatının təşkilat şöbəsinin müdiri işləmiş Şıxəli Abbasov isə bildirib ki, Sumqayıtda sahibkar torpaq sahəsinin özəlləşdirilməsi üçün ona pul verib:

"Sahibkar yaxın adamım idi. Sənədi verdi, 1000 manat da pul. Mən də apardım İldırım müəllimə, o da kömək elədi. Mən 1000 manatı ona verdim ki rüsumu ödəsin. Mən sadəcə vasitəçi olmuşam . Başqa heç bir marağım olmayıb".

İttihama görə,  İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə həmin qurumdan daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

İstintaqla ƏMDX-nin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin sektor müdiri İldırım Məmmədovun həmin Xidmətin vəzifəli şəxsləri, yerli ərazi şöbələrinin müdirləri, bələdiyyə sədrləri və digər şəxslərlə qabaqcadan əlbir olaraq dövlət qurumunun müvafiq ərazi şöbələrinin yurisdiksiyasına daxil olan ərazilər üzrə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair müsbət rəyin verilməsi məqsədilə 169 halda rüşvət almaları, vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri, eləcə də bir sıra hallarda vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmələrinə (nüfuz alveri) əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı ümumilikdə 19 vəzifəli şəxs, Dövlət Xidmətinin işçiləri İldırım Məmmədov, onun rəhbərlik etdiyi sektorun baş məsləhətçisi Əsəd Nəsibov, Xidmətin Qazax, Beyləqan, Şəki, Ucar, Şirvan, Xaçmaz, Qəbələ, Cəlilabad, Bərdə, Lənkəran ərazi şöbələrinin müdirləri Ehtiram Eyvazov, Elsevər Paşayev, Mübariz Paşayev, Amil Aslanov, Nazim Səfərov, Aydın Cəfərov, Baği Məsimov, Mircəlal Xurşudzadə, Nicat Abbasov, Pərviz Ələkbərov, Abşeron rayonun Saray, Şəki rayonun Qoxmuq, Qazax rayonun Daşsalahlı, Salyan rayonun Şorsulu və Sumqayıt bələdiyyələrinin sədrləri Məhi Həsənov, Etibar Eyvazov, Asif Yusifov, Famil Məmmədov, Sərviz Süleymanov,  Sumqayıt bələdiyyəsinin icra aparatının təşkilat şöbəsinin müdiri Şıxəli Abbasov, Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Sosial-İqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Ruslan Əliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma), 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) və digər maddələri ilə ittiham elan edilərək barələrində həbs, ev dustaqlığı, vəzifədən kənarlaşdırma və polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.

Samir Əli