Pandemiya geri qayıdır? - ŞƏRH
    • 11-08-2023, 15:16
    • 389

Pandemiya geri qayıdır? - ŞƏRH

Xəbər verdiyimiz kimi, Rusiyada "COVID-19"un "Omikron"ştammının "Eris" adlı (EG.5.1) yeni variantı qeydə alınıb. Virusun bu variantı Çin, ABŞ, Böyük Britaniya, Avropa və Asiyanın bir sıra ölkələrində sürətlə yayılır. Sözügedən virusa yoluxma halları insanlarda “Pandemiya geri qayıdır?” əndişəsi yaradır. Ümumdünya Səhiyyə Təşkilatı ( ÜST) bildirib ki, dünyada pandemiya sona çatıb. Lakin alimlər onun yayılma sürətindən və halların sayının artmasından narahatdırlar. Belə olan halda virusun yayılması intensiv hal alarsa, yeni bir pandemiya başlaya bilər? 
 
Mövzu ilə bağlı News24.az-a danışan tibb üzrə elmlər doktoru Adil Qeybulla bildirdi ki, pandemiya bitsə də, virus tam aradan qalxmayıb.
 
“Pandemiyanın bitməsi o deməkdir ki, yenidən pandemiya başlaya bilməz. Bu virusa yoluxma faktı hələlik Azərbaycanda qeydə alınmayıb. Sərhədlərin getdikcə şəffaflaşması virusun da ayrı-ayrı ölkələrə yayılması təbii haldır. “Omikron”un mutasiyası davam edir. Bununla yanaşı xeyli sayda mutasiyalar var. Virus zəiflədiyi üçün xüsusi olaraq nəzərə çarpmır. Biz təxminən bir neçə ay öncə bir çox insanın xəstələndiyini və istilər düşməsinə baxmayaraq respiratur virusların əlaməti olan xəstəliklərdən əziyyət çəkdiyini tez-tez eşidirdik. Bunlar təsadüfi deyil. Məhz “Omikron”un müxtəlif mutasiyalı ştammlarıdır ki, onlar indiyə qədər korona virusu yaymaqda davam edirlər. COVID-19 virusunu yaradan SARS-CoV2 virusu ya tam sıradan çıxacaq,  ya da onun növü kimi hər il insanlar arasında  xəstəlik törədən bir virusa çevriləcək”. 

Həkimin sözlərinə görə, prosses hələ də stabilləşməyib. Ona görə də, mütəmadi olaraq epidemiyaların olması mümkündür:

“Bu isə müvafiq karantin qaydalarını şərtləndirə bilər. Lakin bunu pandemiyanın qayıtması kimi düşünmək doğru deyil. Təbii ki, epidemiyalar elə bir şəkildə intensivləşə bilər ki, karantin tədbirləri də ona uyğun şəkildə tənzimlənir. İnsanar özlərini viruslardan qorumalıdır”. 
 
Ayşən Rəhim