"Rusiya Ermənistana buna getməyə icazə verməyəcək" - - Politoloq
    • 17-08-2023, 15:47
    • 187

"Rusiya Ermənistana buna getməyə icazə verməyəcək" - - Politoloq

BMT Təhlükəsizlik Şurasının Ermənistanın istəyi ilə keçirilən iclası başa çatdı və yekunda heç bir qərar qəbul olunmadı. 

Ermənistanın növbəti diplomatik məğlubiyyətindən sonra separatçıların son kartlarını işə salaraq silahlı qarşıdurmaya gedə biləcəkləri istisna edilmir. 

Proses bu silahlı qarşıdurma yönündə davam etsə, Azərbaycan hansı addımı ata bilər?

Mövzu ilə bağlı News24.az-a danışan politoloq Ərəstun Oruclu bildirib ki, Ermənistan hələ də nə istədiyini bilmir. 

“Paşinyan hökuməti BMT-də hər hansı qətnamənin qəbul olunmasını doğrudanmı istəyirdi? O, müraciəti ilə Qarabağ ermənilərinə göstərməyə çalışdı ki, beynəlxalq səviyyədə diplomatik səylər göstərir, cəhdlər edir. Lakin nəticə uğursuz oldu, çünki Qarabağ erməniləri daha çox Rusiya ilə əməkdaşlıq etdiyindən beynəlxalq səviyyədə qərarlar, qətnamələr keçmir. Münaqişəninn silahlı müstəviyə keçmək ehtimalı hər zaman var. Amma bunun  irimiqyaslı olacağı inandırıcı deyil. Buna səbəb tərəflərin güclərinin bərabər olmamasıdır. Qarabağ ermənilərinin müəyyən qanunsuz silahlı dəstələri var”.
 
Politoloqun sözlərinə görə,  Rusiya bu konfliktə qoşulmaq istəməyəcəksə, erməniləri də buna getməyə icazə verməyəcək:

“Pozucu hərəkətlərin olması isə istisna edilmir. Azərbaycan bu vəziyyətdə adekvat addımlar atacaq. Bunlar qarşı tərəfin davranışlarına uyğun şəkildə olacaq. Sözsüz ki, 3-5 qanunsuz silahlı dəstəsi qarşıdurmaya gedərsə, Azərbaycan tərəfindən zərərsizləşdiriləcək. Amma miqyasını daha böyük etmək istəsələr ona uyğun miqyasda da cavab alacaqlar. Hesab edirəm ki, ikinci seçənək mümkün deyil. Rusiyanın Ermənistanla Azərbaycan arasında növbəti müharibənin olmasına hazırda marağı yoxdur. Çünki münaqişənin başlaması regiona daha böyük güclərin iştirakına şərait yarada bilər”.
 
Ayşən Rəhim