“Laçın” bağlandı, separatçılar atəş açdı - Bakı bu addımı atmalıdır!
    • 12-07-2023, 17:30
    • 429

“Laçın” bağlandı, separatçılar atəş açdı - Bakı bu addımı atmalıdır!

“Laçın” postu bağlandıqdan sonra sülhməramlıların müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri yenidən ordumuza atəş açdılar. Bütün bunlar sülh prosesinə mənfi təsir göstərir. Lakin sülh danışıqlarına yəqin ki, mane olmayacaq. Çünki artıq proses o qədər sürətlənib ki, onu dayandırmaq üçün çox böyük təxribat lazımdır. Buna isə Ermənistanın gücü çatmaz”.

Bu fikirləri News24.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. 

O bildirib ki, insidentlərin arxasında ola bilsin ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi yox, ayrı-ayrı siyasi qüvvələr və onların ordudakı əlaltıları dayanır. 

“Azərbaycan Prezidenti dünənki müşavirədə bildirdi ki, sülh danışıqları ilə bağlı müəyyən ümidlər var. Yaxın günlərdə görüş baş tutacaq. Bu gün isə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan söylədi ki, gözlənilən Brüssel görüşünün tarixi iyulun 21-dən bir az əvvələ keçirilə bilər. Bu da ondan xəbər verir ki, dinamika müsbətdir  və destruktiv hərəkətlər bunun qraşısını ala bilməz”, - İ.Vəlizadə vurğulayıb.



Politoloq qeyd edib ki, separatçılar təxribat törətməyə davam edərsə, Azərbaycan antitteror əməliyyatı keçirə bilər: “Qanunsuz silahlı dəstələr başqa çıxış yolu qoymur. Antiterror əməliyyatının alternativi qalmır. Lakin biz bu məsələyə bir qədər təmkinlə yanaşırıq. Hələ ki, regionda Rusiya sülhməramlıları fəaliyyət göstərir. Biz onlara müraciət edirik ki, səylər göstərsinlər, terrorçular tərksilah edilsin və çıxarılsın. Və ya onlar bunu öz istəkləri ilə etsinlər. Amma 2025-ci ildə sülhməramlılar regiondan çıxarılsa, onda vəziyyət necə olacaq? O zaman Azərbaycan Ordusu terrorçularla üz-üzə qalacaq. Çünki arada sülhməramlılar dayanmayacaq. Əslində, separatçıların orada qalması üçün heç bir əsas yoxdur. Eyni zamanda heç kimə də arxalana bilməzlər. Biz təmkin nümayiş etdiririk, bunu sülh yolu ilə etmək istəyirik. Sülh yolu ilə alınmasa, antiterror əməliyyatı qaçılmazdır”.

Akqabay Mıradov