Əyləncə mərkəzi hamilə qadınlardan və artıq çəkiyə görə əlavə pul ALIR- VİDEO
    • 22-08-2023, 11:44
    • 412

Əyləncə mərkəzi hamilə qadınlardan və artıq çəkiyə görə əlavə pul ALIR- VİDEO

Qəbələdə yerləşən "Qəbələnd" istirahət mərkəzində insanların boyuna və çəkisinə uyğun olaraq əlavə pul alınır.

News24.az xəbər verir ki, bu barədə iddialar sosial şəbəkələrdə yayılıb. 

İddialara görə, çəkiniz 90 kq-dan artıqdırsa, girişdə 3 manat əlavə pul ödəməlisiniz. 

Eyni qayda hamilə qadınlara da şamil edilir. İstirahət mərkəzinin girişində boy və çəkiyə görə ödənişlərin miqdarının əks olunduğu lövhə də asılıb.

İddialarla bağlı "Qəbələnd" istirahət mərkəzi ilə əlaqə saxladıq. İstirahət mərkəzindən News24.az-a bildirildi ki, əyləncə mərkəzinə giriş fərqlidir:

"4 yaşa qədər uşaqlar üçün giriş ödənişsizdir. 4 yaşdan böyüklər boyu 120 sm-dən kiçikdirsə, 12 manat, böyükdürsə, 16 manat ödəyir. Qiymətə 20-dən çox atraksionun fəaliyyəti daxildir. Amma mərkəzimizdə əlavə ödəniş tələb edən atraksionlar da var. Səbəbi isə bəzi atraksionların  təhlükəsizlik baxımından uşaqlara icazə verilməməsidir. İnsanlar 16 manat ödəniş edib atraksionlara minməyəndə yaxınlaşır ki, mən bu qədər ödəniş etmişəm, nə üçün atraksionlara minə bilmirəm. Ödənişi geri qaytarın. Biz də müəyyən etdiyimiz qaydaları deyirik. Razılaşmayanlara təklif edirik ki, əlavə ödənişlə atraksionlardan istifadə edə bilərsiniz. Çəkisi 90 kq-dan artıq olanlara girişdə təklif edirik ki, əlavə 3 manat ödəməklə atraksiolardan istifadə edə bilər. Çünki biz təhlükəsizlik səbəbindən çəkisi çox olan şəxslərin atraksionlardan istifadəsinə icazə vermirik. Hamilə qadınlar isə 3 manat gəzinti üçün ödəyir. Onların atraksionlardan istifadəsinə ümumiyyətlə icazə verilmir. Təhülkəsizliyi nəzərə alaraq belə bir qiymət fərqi yaratmışıq". 

Qumral Əliyeva