-
- 24-08-2023, 18:02
- 416
Yeniyetmələr niyə AQRESSİVDİR?
Yeniyetməlik çağlarında uşaqlarda, xüsusən daxili aqressiya, əsəbilik və aqressiv davranışlar tez-tez müşahidə edilir. Valideynlər də bu zaman narahat olurlar, belə ki, mütəmadi olaraq psixoloqlara belə suallar ünvanlayırlar: “Yeniyetmə uşağım var, çox əsəbidir. Buna nə səbəb ola bilər?” və ya “Övladım yeniyetməlik dönəmindədir və çox aqressivləşib, əvvəllər belə deyildi. Bu problemi necə aradan qaldıra bilərik?”
Mövzu ilə bağlı News24.az-a danışan uzman-klinik psixoloq Narınc Rüstəmova bildirdi ki, ümumiyyyətlə, yeniyetməlik dönəmlərini biz psixoloqlar çox zaman “böhran dönəmi” kimi də xarakterizə edilir:
"Bu yaş aralığı 14-16 kimi yaş dönəmi kimi göstərilir. Hüquqşünaslar isə bu yaş aralığını çox zaman “kritik yaş dönəmi” kimi adlandırırlar. Belə ki, bu yaş dövründə yeniyetmələrdə cinayətə meyillik, aqressiyanın ən pik həddi müşahidə edilir. Hər bir uşaq 9-10 yaşından sonra keçid dövrünə daxil olur. Bu dönəm, yəni yeniyetməlik çağı hər uşaqda eyni olmur, hər uşaq bu dönəmi özünəməxsus şəkildə keçirir. Amma çox zaman uşaqlıq dönəmində diqqət görməyən, doğru şəkildə tərbiyə edilməyən, məsuliyyət hissi formalaşdırılmayan uşaqların yeniyetməlik dönəmi çətin keçir".
Psixoloqun sözlərinə görə, bəzi yeniyetmələr həddindən çox aqressiv olur və ya yanlış qruplaşmalara yönəlir ki, bu da nəticədə onların məktəbdən, dərsdən uzaqlaşmasına səbəb olur:
"Belə dönəmdə qeyd etdiyim kimi, uşaqlar yanlış maraqlara, zərərli vərdişlərə də daha tez yönələ bilirlər. Həmçinin valideynlər övladlarının bu dönəmdə dost çevrəsini, ünsiyyətdə olduğu insanlara da diqqət etməli və onları tanımalıdır. Əgər bir uşaq təhsildən uzaqlaşırsa, dərslərini oxumaq istəmirsə təbii ki, asudə vaxtını daha çox dostları ilə əylənərək keçirir və zamanla yalnış istiqamətdə maraqlara yönəlir. İnsan sosial varlıqdır, biz övladlarımızı nə qədər tərbiyə etsək də, doğru yönləndirsək də onu cəmiyyət, ünsiyyətdə olduğu insanlar və ətraf da müəyyən mənada tərbiyə edir və ona təsir edir".
N.Rüstəmova bildirdi ki, bunun üçün valideynlər ilk növbədə övladlarının təhsil səviyyəsinə, intellektual bacarıqlarını inkişaf etdirmələrinə diqqət etməlidirlər:
"Hiperaktivlik müşahidə olunan uşaqları, “böyüyəndə düzələcək”, “dəcəldir” deyib keçmək və gözardı etmə düzgün yanaşma üsulu deyil. Çünki irəli yaşlarda bunu kontrol etmək çətinləşə bilər. Məsələn: 6-7 yaşında bir uşağın aqressiv davranışlarını kontrol etmək nisbətən asandır. Ancaq 14-15 yaşında uşağın aqressiyasına nəzarət etmək, bu davranışların qarşısını almaq daha çətin olur. Əgər uşaqlar kiçik yaşlardan öz əşyalarına, oyuncaqlarına qarşı aqressiv davranırsa, məsələn: davamlı qırırsa, sökürsə, hissələrə ayırırsa bu da onlarda aqressiyanın işarəsi ola bilər.
Ümumiyyətlə, aparılan tədqiqatlar onu göstərir ki, istər psixoloji, istərsə də fiziki şiddət görən uşaqlarda daxili aqressiya olur. Bu da zaman keçdikcə onların da başqalarına şiddət göstərməsi hallarına gətirib çıxarır"
Milli Məclisin deputatı Ceyhun Məmmədov isə qeyd etdi ki, burada həm dünyada, həm də ölkəmizdə cərəyan edən hadisələrin çox böyük təsiri və rolu var:
"Bu gün gənclər telefonlara daha çox aludə olublar və ünsiyyətdən qaçırlar və bu da avtomatik olaraq gənclərin aqressivləşməsinə gətirib çıxarır. Hesab edirəm ki, burada tərbiyə işini gücləndirmək lazımdır. Biz tərbiyə işini ən yüksək səviyyədə qurmalıyıq ki, qarşımıza qoyduğumuz hədəf və məqsədlərə nail ola bilək. Gənclərin cinayətə bu qədər meyilli olmasında həm ətraf mühitin, həm sosial şəbəkinin, həm mafiyanı, aqessiyanı təbliğ edən film və musiqilərin rolu böyükdür"
Aydan