"Fransa hədəfsiz xəyallar qurur" - GENERAL
    • 25-08-2023, 18:01
    • 261

"Fransa hədəfsiz xəyallar qurur" - GENERAL

Fransa BMT Təhlükəsizlik Şurasına Qarabağla bağlı qətnamə təqdim etməyə hazırlaşır. Bunu “Le Figaro” nəşri yazıb. Fransa prezidenti Emmanuel Makron da “Le Point” nəşrinə müsahibəsində “Laçın dəhlizinin” yüklər üçün açılması üçün təzyiqi davam etdirəcəklərini bildirib.

Mövzu ilə bağlı News24.az-a danışan Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz bildirdi ki, Fransa hərzaman olduğu kimi ermənipərəst mövqe nümayiş etdirərək"fransızsayağı demokratiya" göstərir. 

“Cənubi Qafqaz regionunda söz sahibi olmağa, ermənilərə "narahat olmamaları" ilə bağlı mesaj verməyə çalışır. Makronun açıqlaması və Fransanın qətnamə cəhdi isə həm maraqlarını nəzərə almayan Bakıya təzyiq, həm də ermənilərə “əlimizdən gələni edirik” mesajının çatdırılması xarakteri daşıyır. İrəvana və separatçılara ümid verənin Fransa olduğu da istisna deyil. Makronun “Laçın dəhlizinin açılması üçün təzyiq edilməlidir” sözləri də mesajın açıq şəkildə çatdırılmasına hesablanıb. Fransa Azərbaycan ərazisində separatizmi açıq şəkildə dəstəklədiyini gizlətmir.
Fransanın özünü prosesə daxil etmək istəyi həm də dünyada get-gedə nüfuzunun, mövqeyinin zəifləməsi ilə əlaqədardır. Eyni zamanda Avropa İttifaqında rolu getdikcə azalır. Bu səbəbdən də Fransanın daxili dövlət siyasətində "1900-ci illərdəki güclü Fransa" rəyini yaratmağa çalışır”.

Generalın sözlərinə görə, Fransanın Azərbaycana qarşı qətnamə layihəsini təklif etməsi gözlənilən idi: “30 il Azərbaycanın torpaqları işğal altında olanda münasibət bildirməyən, Xocalıda azərbaycanlılara qarşı soyqırımına səsini çıxarmayan Fransanın belə bir mövqe ilə çıxış etməsində təəccüblü heçnə yoxdur. BMT Təhlükəsizlik Şurasının bu qətnaməni qəbul etməsi bir qədər çətin görünür. Hesab edirəm ki, Rusiya da bunu dəstəkləməyəcək.

Fransa hədəfsiz xəyallar qurur. BMT isə dünyada hər hansı bir problemi, münaqişəni həll edən bir təşkilat deyil. Dolayısı ilə bu təklif də Ermənistanın təklif etdiyi qətnamə kimi qəbul edilməyəcək. Azərbaycan öz torpaqlarını Azərbaycan konsitutsiyasına uyğun şəkildə idarə edir. Belə olduğu halda heç bir kənar qüvvə bu prosesə qarışa bilməz”.

Ayşən Rəhim