-
- 31-08-2023, 17:14
- 586
2 nəfərin ölümünə səbəb olan polkovnik məsuliyyətdən yayındırılıb? - ŞOK İDDİA
Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda yol qəzası zamanı iki nəfərin ölümündə təqsiləndirilən Beytulla Babayevin cinayət işi məhkəməsi keçirilib.
News24.az-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən zərərçəkmiş Zülfüqar Zülfüqarovun atası Elçin Zülfüqarov bildirib ki, hadisə vaxtı Göygöl rayonunda olub:
"Digər oğluma zəng edib dedilər ki, qardaşın komadadı. Oğlum sürücünün yanında oturmuşdu. Qəzaya səbəb “Range Rover” markalı avtomobil olub. O avtomobil də polkovnik Elşən Əliyevə məxsus idi. Hadisədən 3 gün sonra Bakıya gəldim şikayət ərizəsi yazdım. Bizə kameranı göstərdilər.
Əldə etdiyim məlumata görə, Beytullanı gətirib hadisə törədən sürücünün yerinə qoyublar ".
Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi, yol qəzasında yaralanan Arif Məhərrəmovun atası Rəşid Məhərrəmov isə ifadəsində bildirib ki, hadisədən 10 dəqiqə sonra dəfələrlə oğlu Arif Məhərrəmova zəng etdib, lakin telefona cavab verilməyib:
"Sonradan telefonu başqa adam açdı və dedi ki bu telefonun sahibi yol qəzası edib. Lakin mənə dedi ki maşında olan 3 nəfər sağdılar. Hadisənin yerini öyrənib Bakıda yaşayan qohumuma dedim. O da dərhal Sabunçu rayon xəstəxanasına getdi. Oğlum yaralı halda xəstəxanaya gətirildi, amma digər iki nəfərin vəziyyəti daha ağır idi. Özüm isə hadisədən 3 gün sonra qəza yerinə getdim. Bildiyim odur ki, “Range Rover” Əliyev Elşənə məxsusdur. Və o maşında təqsirləndirilən şəxs olmayıb. Əgər Beytulla olsaydı, indi qabağımda sağlam vəziyyətdə olmazdı. Bu günə kimi Elşən Əliyevin üzünü görməmişəm. Müstəntiq ondan çəkinərək danışırdı telefonda. Hesab edirəm ki, Beytulla qıraqdan gəlmə adamdı. Əsl hadisəni törədən şəxslərin ortaya çıxarılmasını tələb edirəm. Mənim oğlum qəza zamanı iki ayağını və iki əlini itirib, təqsirləndirilən şəxs əsl həqiqəti etiraf etsin".
Məhkəmənin növbəti iclası sentyabrın 7-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin oktyabrında paytaxtın Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Bilgəh-Nardaran yolunda “Range Rover” markalı avtomobillə KİA markalı avtomobil toqquşub.
Hadisə “Range Rover” markalı avtomobilin yüksək sürətlə idarə edilməsi səbəbindən baş verib, nəticədə KİA-da olan Göygöl sakinləri 2002-ci il təvəllüdlü Ayxan Süleymanlı və 1996-cı il təvəllüdlü Zülfüqar Zülfüqarov dünyasını dəyişiblər, digər gənc 1997-ci il təvəllüdlü Arif Məhərrəmov isə ağır yaralanıb.
Qanunvericiliyə uyğun olaraq təyin edilən yol-nəqliyyat ekspertizasının rəyi əsasında hadisədə təqsiri sübuta yetirilən “Range Rover” markalı avtomobilin sürücüsü 1986-cı il təvəllüdlü Beytulla Babayev saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Xatılrdadaq ki, hadisədə adı hallanan “Range-Rover” markalı avtomobilin sürücüsü Elşən Əliyev Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə çalışıb, polkovnik hərbi rütbəlidir.
Samir Əli