-
- 31-08-2023, 19:17
- 578
Araikin istefasının şok SƏBƏBİ - yeni oyunun DETALLARI
Xəbər verdiyimiz kimi, Qarabağdakı separatçıların “başçısı” Araik Arutyunyan “istefa” verib. O, “istefa”sından öncə “dövlət naziri” Qurgen Nersisyanı da “vəzifə”sindən azad edib. Arutunyan bildirib ki, Nersisyanın yerinə qondarma rejimin “təhlükəsizlik şurası”nın “katibi” Samvel Şahramanyanı təyin edib.
Mövzu ilə bağlı News24.az-a danışan siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Araik Arutyunyanın “istefası” gözlənilən idi, çünki separatçı “rejimin daxili”ndə ciddi qarşıdurma var.
“Buna səbəb isə Ağdam-Xankəndi yolunun açılıb-açılmaması məsələsidir. Samvel Babayan və Ruben Vardanyan kimi "siyasi qüvvələr"in təzyiqi səbəbindən fikir ayrılıqları vardı. Babayan Ağdam yolunun açılmasını dəstəkləyir, Ruben Vardanyan qarşı çıxır, eyni zamanda, separatçı rejimin özündə də bu məsələni dəstəkləyən və qarşı çıxanlar var. Araikin “istefası” məsuliyyəti üzərindən atmaq kimi görünür.
Separatçılar hazırki situasiyada çıxılmaz vəziyyətdə qalıb. Araikin “istefası” mövcud prosesdən yayınmaq və qaçmaq kimi də görünür. Digər bir məsələ isə Samvel Şahramanyanın Araiki əvəz etməsidir. Faktiki olaraq "prezident" kimi prosesləri o idarə edəcək. Burada artıq yeni bir oyuna başlayıblar”
A.Nərimanlının sözlərinə görə. Xankəndi ermənilərinin Azərbaycanla danışıqlarda Şahramanyanın təmsilçi və tərəf kimi iştirak etməsi gözlənilir.
“İndiki vəziyyətdə separatçılar danışıqlara məcburdurlar. Ağdam-Xankəndi yolunun açılmasından başqa çıxış yolları yoxdur. Təbii ki, Bakının öz tələbləri var. Ermənistanın istəyi odur ki, Qarabağ erməniləri adı altında separatçılar danışıqlarda iştirak etsinlər. Bununla da de-fakto tərəf kimi qəbul edilsinlər. Yaxud da ən azı müəyyən qədər maraqları nəzərə alınsın.
Şahmaranyanın "təmsilçi" kimi irəli sürülməsi məsələsi var. Mart ayında Xocalıda keçirilən görüş də o da iştirak etmişdi. Onlar Şahmaranyanın bu görüşdə iştirakının olmasına görə növbəti görüşlərdə də mümkün olacağını ehtimal edirlər. Araikin indi “istefasını” daha da sürətləndirməsi Ağdam-Xankəndi yolu ilə bağlıdır. Bu yol açılmalıdır başqa variant yoxdur. Rusların da burada öz maraqları var. Ona görə də Araiki yola salıb Şahmaranyanı prosesə daxil etdilər”.
Politoloq bundan sonrakı prosesin necə davam edəcəyini də şərh edib. O hesab edir ki, qarşıdurma bitməyəcək:
“Çünki orada Samvel Babayan və Ruben Vardanyan faktoru, həmçinin parlamentdə də fikir ayrılıqları var. Fikrimcə, bunu separatçı rejimin məğlubiyyətinin başlanğıcı kimi də qəbul etmək olar. Separatçılar tədricən ləğvə doğru gedəcək. Araik də bunu gördü. Bundan sonra hərbi addımların atılması da gözlənilən ehtimallardan biridir”
Ayşən Rəhim