-
- 1-09-2023, 15:30
- 972
Sumqayıtın baş memarından biabırçı AÇIQLAMA
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq və digər ağır cinayətlərdə təqsirləndirilən, “Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı və "Səda TV" MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edib.
News24.az-ın məlumatına görə, prosesdə Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin əməkdaşı Gülşən Zamanova Əvəz Zeynallının Sumqayıt şəhərində qeyri-yaşayış sahəsinin sənədləşdirilməsi epizodu ilə bağlı ifadə verib. O bildirib ki, nə Əvəz Zeynallı nə, nə də Elnur Şükürovun tanımır: "Sumqayıt şəhər sakini Nəzakət Cəfərova bizə qeyri-yaşayış sahəsinin sənədləşməsi ilə bağlı müraciət etmişdi. Rəhbərlik tapşırıq verdi ki, obyektin sənədləri hazırlanıb vətəndaşa təqdim edilsin. Sənədlər hazır olanda mən də Nəzakət xanımı çağırıb təhvil verdim".
Prosesdə Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi Rəşad Əhmədəliyev də ifadə verib. O bildirib ki, Sumqayıt şəhər sakini Nəzakət Cəfərovanın Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət edib: "Vətəndaş müraciətində evinin qeyri-yaşayış sahəsinə çevrilməsini istəmişdi. Həmin mənziln sənədləşməsi ilə bağlı icra hakimiyyətinin tikinti şöbəsinin müdiri Adil Xudadatov bizə zəng elədi, evin yerinin dəqiqləşdirilməsini istədi. Biz də evin yerini və oradakı vəziyyəti qiymətləndirib Adil müəllimə məlumat verdik. Daha sonra başçı həmin ünvandakı evin qeyri-yaşayış sahəsinə çevrilməsi barədə icra başçısı sərəncam verdi.
Bir müddət sonra məni prokurorluğa çağırıb Əvəz Zeynallını soruşdular. Mən də dedim ki tanımıram.
Sonra Adil Xudadatovu da prokurorluğa çağırdılar, ondan da izahat aldılar".
Şahid bildirib ki, Adil Xudadatov ona tapşırıq verərkən icra başçısı Zakir Fərəcovun adını çəkməyib.
Prokuror bildirib ki, şahidin ibtidai istintaqa ifadəsi ilə məhkəmədəki ifadəsi arasında ziddiyyət var.
Prosesdə R. Əhmədbəyovun ibtidai istintaqa ifadəsi elan olunub. İfadədə bildirilib ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri Adil Xudadatov Rəşad Əhmədvəyova zəng edib. O bildirib ki, icra başçısı Zakir Fərəcovun tapşırığıdır, Nəzakət Cəfərovanın evinin yeri və vəziyyəti müəyyənləşdirilsin.
Prosesdə ifadə verən Sumqayıt şəhər İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri-şəhərin baş memarı Adil Xudadatov bildirib ki, icra başçısı Zakir Fərəcov ona zəng vurub Elnur Şükürovi tapşırıb: "Cənab başçı deyəndən sonra Elnur Şükürov gəldi, onu dinlədim, o gedəndən sonra məsələni başçıya məruzə etdim. Zakir Fərəcov da dedi ki, ona kömək edim. Mən də tapşırıq verdim, sənədləri hazırladılar".
Təqsirləndirilən şəxs Elnur Şükürov bildirib ki, o həqiqətən də bir neçə dəfə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla görüşüb: " Mən bunu həmişə demişəm ki, icra başçısı ilə bir neçə dəfə görüşmüşəm. Bu işlə bağlı mən Zakir Fərəcova görüşəndə Zakir müəllim dedi ki, məzuniyyətə gedir. Ona görə də mənim yanımda Adil müəllimə zəng vurub məni tapşırdı. Mən də Adil müəllimlə görüşdüm, o da məsələni həll elədi".
Şahid Adil Xudadatov prosesdə müdafiə tərəfin suallarını cavablandlrarkən özünü pis vəziyyətə salıb. Vəkil şahiddən Elnur Şükürovun xahişi ilə Nəzakət Cəfərovanın obyektinin sənədləşdirilməsi prosesində qanunsuzluğun olub olmamasını soruşub. Adil Xudadatov isə suala gülünc cavab verib: "Xeyr! Sənədləşmə prosesində heç bir qanunsuzluq olmayıb. Əgər qanunsuzluq olsaydı, onu da ört-basdır edə bilərdik. Onun da yolları var".
Baş memarın cavabı proses iştirakçılarının gülüşünə səbəb olub.
Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, Baş Prokurorluğun İstintaq idarəsində aparılmış istintaq zamanı Əvəz Zeynallının ayrı-ayrı şəxslərdən hədə-qorxu gəlməklə, təkrar və külli miqdarda rüşvət almasına, habelə Əvəz Zeynallı və Elnur Şükürovun qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almaları, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələri, eləcə də, digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Odur ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham elan edilib.
Samir Əli